Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəsmi saytı fəaliyyətə başlamışdır

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəsmi internet saytı (etpi.az) fəaliyyət başlamışdır.

Xatırladaq ki, Elmi-Tədqiqat Pediatriya İnstitutu 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunmuş, 1927-ci ildə yenidən təşkil olunaraq Ana və Uşaqların Mühafizəsi İnstitutuna çevrilmişdir. İnstitutun ilk direktoru və təşkilatçısı həkim-pediatr Yevsey Yakovleviç Gindes olmuşdur. Y.Y.Gindes 1897-ci ildə Kiyev Universitetinin Tibb fakültəsini bitirərək 1905-ci ilədək Kiyev Uşaq Klinikasında professor Çernovun yanında işləmişdir. 1905-ci ildə Gindes Bakıya gələrək Qaraşəhər xəstəxanasının Uşaq şöbəsinin müdiri seçilmişdir. 1918-1922-ci illərdə Gindes Bakı Uşaq xəstəxanasının baş həkimi olmuşdur. Elə həmin xəstəxananın bazasında Azərbaycan SSRİ Xalq Səhiyyə Komissarlığının Pediatriya İnstitutu təşkil olunmuşdur ki, Y.Y.Gindes də 1930-cu ilə qədər həmin İnstitutun direktoru olmaqla, eyni zamanda uşaqların sağlamlığının qorunması şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

İnstitutun yarandığı ilk illər mama-ginekologiya, uşaqlıq dövrünün fiziologiya və patologiyası sahələrində elmi-tədqiqat işləri ilə yanaşı, analıq və körpələrin mühafizəsi müəssisələrinin təşkilində və bu müəssisələr üçün orta tibb işçilərinin hazırlanmasında səhiyyə orqanlarına böyük kömək göstərmişdir.

İnstitutda ilk dövrlər tibb bacıları (pediatrik profilli), körpələr evi müdirləri və tibb bacısı-tərbiyəçilər hazırlamaq üçün kurslar təşkil olunmuşdur1934-cü ildən etibarən kurslar 2 illik məktəbə çevrildi. Bu kursların və məktəbin işlədiyi müddətdə Ana və Uşaqların mühafizəsi sistemi üzrə Uşaq müəssisələri üçün 500-dən çox orta tibb işçiləri,  o cümlədən, uşaq məsləhətxanaları və xəstəxanalar üçün tibb bacıları, yaslilər, uşaq evləri və uşaq bağçaları üçün tərbiyəçilər, yasli müdirləri, sosial hüquq işçiləri və s. hazırlanmışdı. 1952-ci ildə məktəb yenidən təşkil edilərək 2 saylı  müstəqil tibb  məktəbinə çevrilmiş və institutdan ayrılmışdır.

1930-cu ildən etibarən instituta Əbülfəz Fərəc oğlu Qarayev rəhbərlik etmişdir. İlk azərbaycanlı pediatr kimi Ə.F.Qarayev  bütün güc və enerjisini böyük, həm də vacib bir işə uşaqlara tibbi xidmətin təşkilinə və Azərbaycanda pediatriya elminin təşəkküllünə həsr etmişdir.  Pediatriya sahəsində 50-dən çox elmi iş Ə.F. Qarayevin qələminin məhsuludur.Onun tərəfindən Azərbaycanda ilk dəfə olaraq 1940-cı ildə “Uşaqlarda hepatitin klinikasına dair” monoqrafiya dərc edilmişdir.

N.Nərimanov adına Azərbaycan Tibb institutunun pediatriya fakultəsinin təşkili də onun adı ilə bağlıdır. Burada o iki kafedraya başçılıq edirdi.

İnsititutda bir çox illər ərzində Y.Y. Gindes, F.İ. İlyin, Ə.F. Qarayev, T.X.Axundov, S.İ. Haciyeva, Q.B. Bron, K.Y. Fərəcova kimi pediatriya elminə və elmi kadrların hazırlanmasına böyük töhfə vermiş görkəmli alimlər çalışmışlar.

Respublikada qadın və uşaqların sağlamlığın qorunması problemlərinin həlli bir çox cəhətlərinə görə Kübra Yəhya qızı Fərəcovanın adı ilə bağlıdır. Bakı şəhərində (fəhlə) işçi fakültəsini bitirdikdən sonra, o Azərbaycan Dövlət  Universitetinin tibb fakültəsinə daxil olub, onu bitirdikdən sonra isə Ana və Uşaqların mühafizəsi institutunda elmi fəaliyyətə başlamışdır. 1937-ci ildə o, Xalq Səhiyyə Komissarının müavini, bir neçə aydan sonra isə respublika xalq səhiyyə komissarı təyin olunmuşdur. 1950-ci ilin sonunda K.Y. Fərəcova Ana və uşaqları mühafizə institutunun direktoru vəzifəsini tutmuşdur. Ana və uşaqları mühafizə institutuna 30 il müddətində (1950-1980-ci illər) başçılıq edən professor K.Y. Fərəcova böyük elmi, təşkilati və ictimai iş aparırdı. Onun tərəfindən 100-ə qədər elmi iş yazılmışdır ki, bunun da çox hissəsi pediatriyanın aktual məsələlərinə, Azərbaycanda müxtəlif yaşlı uşaqların sağlamlıq vəziyyəti və fiziki inkişafına həsr olunmuşdur. K.Y.Fərəcova respublika həkim-pediatrların 3 qurultayının (1959, 1964 və 1970), mama-ginekoloqların II qurultayının təşkilatçısı və iştirakçısı, 1977-ci ildə Bakıda keçirilən “Pediatriya praktikasında transfuziologiya və hemotologiya məsələləri” mövzusunda keçirilən Ümumittifaq konfransının təşkilatçılarından biri olmuşdur.

1980-1993-cü illərdə Elmi Tədqiqat Pediatriya institutuna tibb elmləri doktoru, professor Sonaxanım Əli qızı Cəfərova başçılıq etmişdir. 1952-ci ildə Tibb institutunu bitirdikdən sonra 10 il müddətində səhiyyənin müxtəlif sahələrində işləmişdir. 1962-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunda aspiranturaya daxil olub, 1964-cü ildə tibb elmləri namizədi, 1972-ci ildə isə tibb elmləri doktoru alimlik dərəcəsinə yüksəlmişdir. S. Cəfərova pediatriya üzrə elmi-əməli kadrların hazırlanmasında xüsusi diqqət verirdi. O, 81 elmi məqalənin, 2 dərs vəsaitinin müəllifi, bir sıra gənc alimlərin elmi rəhbəri olmuşdur.

İnstitutda elmi-tədqiqat işlərinin planlaşdırılması və aparılmasında, elmi kadrların hazırlanmasında 20 il müddətində (1971-1991) elmi işlər üzrə direktor müavini işləmiş tibb elmləri doktoru, professor Asif Rufulla oğlu Abdullayevin də böyük əməyi olmuşdur. İstedadlı alim, təcrübəli həkim, gözəl insan olan A.R.Abdullayev həm də bacarıqlı səhiyyə təbliğatçısı idi.

1992-ci ilin sentyabrından N.Krupskaya adına ET “Ana və Uşaqları Mühafizə” institutu K.Y.Fərəcovanın adını daşıyır. Təəsüflə qeyd etmək lazımdır ki, 1985-1987-ci illərdə əsassız olaraq institutda hematologiya, uşaq ginekologiyası şöbələri ləğv olunmuşdur ki, bu da sonralar işdə öz mənfi nəticələrini göstərmişdir.

1994-cü ildən 2020-ci ilə qədər instituta əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Nəsib Quliyev rəhbərlik etmişdir. Onun rəhbərliyi altında hal-hazırda 30-a yaxın namizədlik, iki doktorluq dissertasiyası müdafiə olunmuşdur. N.Quliyev 2007-ci ildən Türk Dünyası Pediatrlar birliyinin prezidentidir. Həmin ildən bu vaxtadək institut əməkdaşlarının yaxından iştirakı və N.Quliyevin rəhbərliyi ilə Türk Dünyası Pediatrlarının 8 Beynəlxalq  Konqresi keçirilmişdir. Səhiyyə Nazirliyi və Pediatriya institutunun birgə təsis etdiyi “Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı”nın baş redaktorudur. O, həmçinin Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisidir.

2020-ci ildən instituta uzman, tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayev rəhbərlik edir. A.A. Musayev Azərbaycan Tibb Universitetində bakalavr təhsili, Türkiyə Respublikasi Izmir şəhəri Ege Universitetində isə ixtisas (Uşaq Cərrahiyyəsi) təhsili almışdır. Daha öncə Musa Nağıyev adına Təcili Tibbi Yardim Xəstəxanasi, K. Fərəcova adına ETPİ Uşaq Cərrahiyyəsi, Mərkəzi Neftçilər Xəstəxanası, Klinik Tibb Mərkəzinin Uşaq Cərrahiyyəsi şöbəsində həkim-cərrah olaraq çalışmışdır.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsinə təyinat olub | Report.az

İnstitut elmi-tədqiqat işlərini AMEA Genetik Ehtiyatlar İnstitutu, ET Milli Profilaktika İnstitutu, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu, Elmlər akademiyası A.M.Qarayev adına Fiziologiya İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Tibb Universiteti və başqa müalicə-profilaktika müəssisələri ilə birlikdə aparır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra, institut yaxın və uzaq xariclə öz əlaqələrini daha da genişləndirməkdə davam edir. Bu gün ET Pediatriya İnstitutunda “Ana südü ilə qidalanma”, “Perinatal infeksiyalar”, “Yenidoğulanlarda nekrotik enterokolitin erkən diaqnostikası və klinik-immunoloji xüsusiyyətləri”, “Yenidoğulanlarda neonatal qıcolmaların rastgəlmə tezliyi və klinik xüsusiyyətləri”, “Tənəffüs pozulmalarının diferensial diaqnostikası və müalicə taktikası” və s. üzrə elmi tədqiqatlar  davam etdirilir.

İnstitutda 245 çarpayılıq 8 klinik şöbə, 6 elmi bölmə və bir çox paraklinik bölmələr fəaliyyət göstərir. 50 çarpayılıq yenidoğulanların  reanimasiya və intensiv terapiyası şöbəsi respublika üzrə mərkəz funksiyasını yerinə yetirir.

Pediatriya.az saytının kollektivi adından Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəsmi internet saytının açılması münasibətilə İnstitutun kollektivini təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzu edirik.

Pediatriya.az