Dünya Səhiyyə Təşkilatı və UNICEF ana südü ilə qidalandırmaya dair yeni rəhbər vəsait buraxıb

Dünya Səhiyyə Təşkilatı (DST) və UNICEF ana südü ilə qidalandırmaya dair yeni rəhbər vəsait buraxıb.

AZƏRTAC DST-nin saytına istinadla xəbər verir ki, 10 məsləhəti (addım) əhatə edən bu vəsait analara və yeni doğulan körpələrə xidmət edən tibb müəssisələrində ana südü ilə qidalandırma praktikasının genişləndirilməsinə kömək məqsədi daşıyır. İlk iki ilində bütün körpələrin döşlə əmizdirilməsi hesabına ildə 5 yaşınadək 820 min uşağı xilas etmək mümkündür.

Ana südü ilə qidalanma uşaqların sağlamlığı üçün çox vacibdir. Bu, həmçinin tibb müəssisələrinin, ailələrin və hökumətin xərclərinin azaldılmasına şərait yaradır. Doğuşdan sonra bir saat ərzində ana südü ilə qidalanma yeni doğulan körpəni infeksiyadan qoruyur və həyatını xilas edir. Südəmər yaşlı körpələr qismən və ya ümumiyyətlə ana südü ilə qidalanmırlarsa, onların diareya və digər infeksiyalara yoluxma riski daha yüksəkdir. Bundan başqa, ana südü ilə qidalanma əqli inkişaf əmsalını, məktəbə hazırlıq səviyyəsini artırır. Ana südü ilə qidalandırma, həmçinin analarda süd vəzi xərçəngi riskini aşağı salır.

Yeni rəhbər vəsaitdə praktik addımlar ifadə edilib ki, bu addımları atmaqla ölkələr analara və körpələrə xidmət edən tibb müəssisələrində ana südü ilə qidalanmanın qorunması, ona yardım və dəstəyə təşəbbüs göstərməlidirlər. Onlar səhiyyə sistemində təxirəsalınmaz platformaları təmin edir. Bu platformaların köməyi ilə analar doğuşdan sonra bir saat ərzində əmizdirməyə başlaya və 6 ay ərzində müstəsna halda əmizdirməni davam edə bilərlər. Altı ay ərzində müstəsna döş əmizdirməsi uşaq və ana üçün çoxsaylı üstünlüyə malikdir. Bunlardan ən başlıcası körpələrin mədə-bağırsaq infeksiyalarından və qida çatışmazlığından qorunmasıdır ki, bu problem nəinki inkişaf etməkdə olan ölkələrdə, həmçinin inkişaf etmiş sənaye ölkələrində müşahidə edilir.

Bundan başqa, ana südü 6-23 aylıq uşaqlar üçün mühüm enerji və qidalandırıcı mənbədir. Ana südü vasitəsilə 6-12 aylıq körpələrin enerji ehtiyaclarının yarısından çoxunu, 12-24 aylarında isə bu ehtiyacların üçdəbirini ödəmək mümkündür.

 

AZƏRTAC