Diş çürükləri yoxsa kalsium çatışmazlığı
Çox zaman yatmazdan əvvəl və ya yuxu zamanı əmziklə içilən süd “diş çürüklərinə” səbəb olur. Bu səbəbdən dişlərdə ağrı, ağızda pis qoxunun olması, çeynəmə zamanı müxtəlif çətinliklərə rast gəlinir. Bu zaman yaranan diş çürükləri gələcəkdə müalicə olunmayan diş və çeynəmə pozğunluqlarına kimi gətirib çıxara bilər.
“ Necə olsa da süd dişlərinin yenisi ilə əvəz olunacaq” deyə düşünmək səhvdir. Çünki, süd dişlərinin ən vacib vəzifəsi uşağın düzgün qidalanmasını təmin etməkdir. Həmçinin qeyd etmək lazımdır ki, dişlərin sağlam olması səlis danışığında əsasını təşkil edir. Süd dişləri daimi dişlərin düzgün formada çıxmasına şərait yaradır. Süd dişlərinin vaxtından əvvəl çıxarılması dişlərin düzülüşündə pozulmalara səbəb olur.
Diş çürükləri necə yaranır? Yatmazdan əvvəl və yuxu sırasında əmziklə qəbul olunan süd uşaq yuxuya getdikdən sonra dişlərin üzərində toplanır. Yuxu zamanı ağız suyu ifrazı zəiflədiyindən dişlər təmizlənmədiyindən və ağız boşluğunda və dişlərin üzərində var olan bakteriyalar turş mühit yaratmasına şərait yaradır. Bu turş mühit dişlərin üzərini əhatə edən mina qatını pozaraq əvvəlcə diş üzərində təbaşir rəngində ləkələrin görünməsinə daha sonra isə “diş çürüklərin” görüntüsü olan sarı- qəhvəyi rəngi çürüklərin yaranmasına şərait yaradır.
Əmziklərin bala, mürəbbəyə batırılaraq istifadə edilməsi diş çürüklərinə şərait yaradır. Həmçinin əmzikdən içilən qidaları dadlandırmaq məqsədilə əlavə edilən bəhməz, bal, şəkər və s. “diş çürüklərinin” yaranması prosesini sürətləndirir. Diş çürüklərinə səbəb olan bakteriyalar dişlərin çürüməsinə, iltihablaşmasına, ağrı hissinin olmasına, xüsusilə qida qəbulu zamanı narahatçılıq hissi yaşatmasına, bəzən gecə yuxusunun pozulmasına səbəb olur. Diş çürüklərinin iltihablaşması uzun müddət davam etdiyi zaman dişlərin alt hissəsinə keçərək daimi diş mayasının zərər görməsinə və buna bağlı olaraq daimi dişlərin şəkil pozğunluqlarına və rəng dəyişikliyinə səbəb ola bilir.
Xüsusilə, üst çənə kəsici dişlərdə başlayan kariyes dişlərdə böyük sahə itkisinə, ağız sağlamlığının pozulmasına, danışıq pozğunluqlarına və nəticə etibari ilə estetik görünüşün pozulmasına səbəb olur. Diş çürükləri uşağın heç hazır olmadığı erkən dövürdə diş kanalı müalicəsi, doldurmaya və diş çəkilməsi kimi çətin müalicə metodları ilə qarşı- qarşıya qoyur. Kiçik yaşlarda bu müalicə prosedurunun həyata keçirilməsi mümkün olmadığından anesteziya verilməsi lazımdır.
Bu çürüklərin yaranmasının inkişafının qarşısını almaq üçün nə etmək lazımdır:
- 1 yaşından sonra uşağa əmziklə əmərək yatmasına icazə verilməməlidir.
- Əmziklə qəbul edilən mayelərə bəhməz, bal, şəkər kimi şirinləndirici qidalar əlavə edilməməlidir.
- Dişlər qida qəbulundan sonra barmağa sarılmış bint ilə və ya barmaq fırça vasitəsi ilə təmizlənməlidir.
- Yemək arası qidalanmalarda karbohidrat yerinə tərəvəz, meyvə istifadə olunması tövsiyə olunur.
- 3,5- 4 yaşa kimi tüpürmə refleksi olmadığından diş məcunu olmadan və ya yaş qrupuna uyğun olan diş məcunlardan istifadə etməklə dişlər fırçalanmalıdır.
Bəs diş çürükləri ilə hipokalsiemiya əlaqəsi vardırmı?
Hipokalsiemiya qanda total kalsium səviyyəsinin (8.5- 10.5 mg/dl olması normal göstərici) 7 mg/dl altına enməsidir. İonizə kalsium 4.2 mg/dl dən aşağı olmasıdır.
Ən çox rast gəlinən səbəbləri: Paratiroid vəzin olmaması və ya hormon çatışmazlığı hipoparatirodizm, Tip 1 paratiroid hormon pozğunluğu, hipomaqneziemiya, psevdohipoparatirodizm tıp 1,tıp2 və Vitamin D3 çatışmazlığına bağlı olaraq yaranan hipokalsiemiya səbəbidir.
Kliniki olaraq: yorğunluq, yaddaş pozğunluğu, əl və ayaqlarda uyuşma, qıcolma halları, bulanıq görmə, ikili görmə, baş dönməsi ola bilər. Ağır dərəcəli hipokalsiemiya zamanı qıcolma tutmaları, ürək ritm pozğunluqları, bayılma, döş qəfəsində ağrı, göyərmə , arterial təzyiqin düşməsi, ürək çatışmazlığı əlamətləri görülür.
Xroniki olaraq hipokalsiemiyası olan və vit D3 çatışmazlığı olan uşaqlarda isə raxitizm ilə osteomalasiya ( sümüklərdə minerallaşmada pozulma) birgə müşahidə oluna bilər. Xronik hipokalsiemiyalı şəxslərdə gözlərdə katarakt müşahidə edilə bilər.
Ciddi simptomlar zamanı qırtlaq əzələlərində spazm (larinqospazm) və kardioloji səbəblərdən ölümlə nəticələnə bilən hallar müşahidə edilə bilər.
Amma görüldüyü kimi bu kliniki simptomlar arasında diş çürüklərinin olması yoxdur. Deməli əziz valideynlər diş çürükləri gördüyünüz zamanı bunu kalsium çatışmazlığına bağlayıb, əlavə kalsium preparatları verməyə başlamayın. Bu zaman həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur.