Davamlı tibbi təhsil: suallar və cavablar

  1. Davamlı tibbi təhsilin məqsədi nədir?

Davamlı tibbi təhsilin məqsədi praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsi yolu ilə əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etməkdir.

  1. Davamlı tibbi təhsillə hansı müddətdə məşğul olmaq lazımdır?

Davamlı tibbi təhsil ali tibb təhsilini təsdiq edən sənədin verildiyi gündən başlayır və  həkimin peşəkar fəaliyyəti dövrü davam edir.

  1. Davamlı tibbi təhsilin zəruri miqdarı necə hesablanır?

Davamlı tibbi təhsilin zəruri miqdarının hesablanması davamlı tibbi təhsilin kreditləri vasitəsilə həyata keçirilir.

  1. Keçid dövrü nə deməkdir?

Keçid dövrü dedikdə, “Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları” qüvvəyə mindikdən sonrakl 5 il nəzərdə tutulur.

  1. Həkim keçid dövründə nə qədər davamlı tibbi təhsil krediti toplamalıdır?

Keçid dövründə həkimin sertifikasiyaya buraxılması üçün sertifikasiyaya qədər qalan hər il  üzrə minimum 48 kredit toplaması mütləqdir.

  1. Həkim keçid dövründən sonra nə qədər davamlı tibbi təhsil krediti toplamalıdır?

Keçid dövründən sonra sertifikasiya dövrü ərzində həkim hər il orta hesabla 48 kredit olmaqla minimum 240 kredit toplamalıdır. Həkim sertifikasiya dövrünün ilk 4 ili ərzində 240 və daha artıq kredit topladıqda, sertifikasiya dövrünün son ili ərzində illik orta kreditlərin azı 50%-ni (24 kredit)  toplamalıdır. Cari ildə kreditlərin ümumi miqdarı 48 kreditdən çoxdursa, onların artıq miqdarı (24 kreditdən çox olmamaqla) cari ildən əvvəlki və ya sonrakı illərdə toplanan orta illik kreditin çatmayan miqdarına əlavə edilir.

  1. Davamlı tibbi təhsil ilə sertifikasiya arasında hansı əlaqə var?

Sertifikasiya dövründə davamlı tibbi təhsilin minimal zəruri miqdarının toplanması həkimin sertifikasiya prosesinə buraxılması üçün mütləq şərtdir.

  1. Həkim davamlı tibbi təhsilini necə həyata keçirə bilər? 

Həkim davamlı tibbi təhsilini təkmilləşdirmə kursları və toplanma sistemi metodlarından birgə yaxud ayrılıqda istifadə etməklə həyata keçirməlidir.

  1. Təkmilləşdirmə kursları harada və necə keçirilir?

Təkmilləşdirmə kursları Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən əyani və  distant formada keçirilir. Təkmilləşdirmə kurslarının müddəti keçid dövrü istisna olmaqla 1-2 həftə təşkil edir.

  1. Toplanma sistemi metodu ilə davamlı tibbi təhsil kreditlərinin toplanması necə həyata keçirilir?

Toplanma sistemi metodu ilə davamlı tibbi təhsil üzrə kredit vahidlərinin yığılması aşağıdakı fəaliyyətlər vasitəsilə həyata keçirilir:

  •  akkreditə olunmuş tədris və ya elmi tədbirlərdə iştirak;
  •  elmi fəaliyyət;
  •  pedaqoji fəaliyyət;
  •  müstəqil fəaliyyət.

  Tədris və elmi tədbirlərə nə aiddir?

Ölkədə və ya beynəlxalq səviyyədə davamlı tibbi təhsil üzrə akkreditə olunmuş konqres, konfrans, simpozium, seminar, treninq və s. elmi və tədris tədbirlər aiddir.

  1. Elmi fəaliyyətə nə aiddir?

Elmi fəaliyyətə aşağıdakılar aiddir:

  • ixtisas üzrə fəlsəfə doktoru və ya tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi ilə əlaqədar elmi fəaliyyət (dissertasiya işinin tamamlanması və müvafiq elmi dərəcənin müdafiəsi);
  • beynəlxalq resenziyalı və ya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş jurnallarda, elmi məcmuələrdə, elmi dövri mətbuatda, elmi tədbirlərin nəşrində, qeydiyyatdan keçmiş elmi elektron nəşrlərdə nəticələri dərc olunmuş ixtisas üzrə digər elmi fəaliyyət;
  • tibbi yardım göstərilməsinin, diaqnostikanın, müalicənin, tibbi texnologiya, yaxud texnikanın yeni metodlarının işlənib hazırlanması.
  1. Pedaqoji fəaliyyətə nə aiddir?

Pedaqoji fəaliyyətə aşağıdakılar aiddir:

  • ixtisas üzrə milli rəhbərliyin, dərsliyin, tədris və metodik vəsaitlərin, monoqrafiyanın, metodik tövsiyələrin, təhsil proqramlarının (kurikulumların) hazırlanması;
  • tibb təhsili və ixtisas üzrə həkimləri təkmilləşdirmə proqramları çərçivəsində dərs verilməsi;
  • rezidentin (rezidentlərin) işinin kurasiyası;
  • ali baza tibb təhsili alan tələbələrin yay təcrübələrinin kurasiyası;
  • ölkədə, xarici və ya beynəlxalq səviyyədə akkreditə olunmuş davamlı tibbi təhsil proqramları çərçivəsində ixtisas üzrə seminarların, treninqlərin aparılması və digər tədris fəaliyyətinin həyata keçirilməsi.
  1. Müstəqil fəaliyyətə nə aiddir?

Müstəqil fəaliyyətə aşağıdakılar aiddir:

  • ixtisas üzrə elmi məqalələrin  və tibbi ədəbiyyatın mütaliəsi;
  • ixtisas üzrə audiovizual dinləmələr;
  • yeni diaqnostika və müalicə metodlarını, tibb texnologiyaları və texnikasını mənimsəmək məqsədi ilə ölkədə və ya xaricdə yerləşən tibb müəssisələrində ixtisas üzrə  təcrübə keçmək.
  1. Davamlı tibbi təhsil üzrə ayrı-ayrı fəaliyyətlərin kredit miqdarı nə qədərdir?

Təkmilləşdirmə kurslarının və toplanma sisteminə daxil olan tədbirlərin kredit ekvivalenti və həmin kreditlərin təsdiqlənməsi üçün tələb olunan sənədlər “Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları”nın 1 nömrəli əlavəsində verilmişdir.

  1. Həkim davamlı tibbi təhsil ilə bağlı hansı sənədləşməni aparmalıdır?

Davamlı tibbi təhsil ilə bağlı tərtib olunan sənədlər aşağıdakılardır:

  •  həkimin fərdi peşəkar inkişaf planı;
  •  peşəkar inkişafın illik hesabatı.

Həkimin fərdi peşəkar inkişaf planı və peşəkar inkişafın illik hesabatı səhiyyə müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. Bu sənədlərin tərtibi və təsdiqi elektron məlumat sistemi vasitəsilə həyata keçirilir.

  1. Kreditlərin hesablanması kim tərəfindən həyata keçirilir?

Kreditlərin hesablanması aşağıdakı qaydada həyata keçirilir:

  • sertifikasiya dövrü ərzində toplanmış kreditlərin hesablanması həkim tərəfindən müstəqil həyata keçirilir və nazirlik tərəfindən təsdiqlənmiş formaya uyğun tərtib olunmuş sertifikasiya dövrü ərzində fərdi peşəkar inkişafın illik hesabatında əks etdirilir;
  • fərdi peşəkar inkişafın illik hesabatı həkimin işlədiyi müəssisənin rəhbəri tərəfindən təsdiq olunduqdan sonra kreditlər ilkin olaraq hesaba alınmış sayılır;
  • sertifikasiya dövrü ərzində toplanmış kredit vahidlərinin yekun hesablanması və təsdiqi isə mərkəzləşmiş qaydada nazirliyin Sertifikasiya Şurası tərəfindən  həyata keçirilir.
  1. Davamlı tibbi təhsil üzrə tədris və elmi tədbirlərin akkreditasiyası nə deməkdir və hansı qurum tərəfindən həyata keçirilir?

Tədbirlərin akkreditasiyası − onların “Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları”nda müəyyən edilmiş meyarlara uyğunluğunun müəyyən edilməsi və bu tədbirlərin müvafiq kredit sayı ilə təmin edilməsindən ibarət olub, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən həyata keçirliir.

  1. Təşkilat və müəssisələr tədbirlərin akkreditasiyası üçün necə müraciət etməlidirlər?

Akkreditasiya üçün müraciətlər Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsinin “Davamlı tibbi təhsil” bölməsinin müvafiq keçidi (“Davamlı tibbi təhsil tədbirlərinin akkreditasiyası üçün müraciət”) vasitəsi ilə qəbul edilir.

  1. Həkim davamlı tibbi təhsil kreditlərini necə toplaya bilər?

Praktiki tibbi fəaliyyətlə məşğul olan həkim Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu  tərəfindən həyata keçirilən təkmilləşdirmə kurslarında iştirak etməklə və (və ya) toplama sistemi adı altında birləşdirilən digər DTT fəaliyyətləri vasitəsi ilə öz davamlı tibbi təhsilini həyata keçirə bilər. Qeyd olunan DTT fəaliyyətləri aşağıda təsvir olunur:

20.1. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu   tərəfindən həyata keçirilən təkmilləşdirmə kurslarında iştirak

Həkim Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu   tərəfindən həyata keçirilən təkmilləşdirmə kurslarında iştirak etməklə DTT kreditlərini toplaya bilər. İnstitut tərəfindən keçirilən həm modullar üzrə, həm də tematik kurslardan DTT kreditləri toplamaq mümkündür. Cari tədris ilində təkmilləşdirmə kursları 2 həftəlik müddətdə keçirilir ki, bu kurslarda iştirakdan 60 kredit əldə olunur (təkmilləşdirmə kurslarında 1 həftə 30 kreditdir).

20.2. Konqres, konfrans, simpozium, seminar, treninq və s. elmi və tədris tədbirlərində iştirak 

Həkim konqres, konfrans, simpozium, seminar, treninq və s. elmi və tədris tədbirlərində iştirak etməklə DTT kreditlərini toplaya bilər. Belə tədbirlər istər respublikamızda, istərsə də xarici ölkələrdə keçirilir. Həkim həmin tədbirlərin DTT üzrə akkreditə edilmiş olmasından əmin olmalıdır.

Həkim ölkəmizdə akkreditə olunmuş tədbirlər barədə Səhiyyə Nazirliyinin rəsmi internet saytının “Davamlıtibbi təhsil” bölməsinin “Akkreditasiya edilmiş elmi və tədris təbdirlərinin təqvimi” keçidində (http://e-sehiyye.gov.az/az/e-sehiyye/drcabine) məlumat əldə edə bilər.

BMT-nin təşkilatları, beynəlxalq səviyyədə DTT üzrə akkreditasiya olunmuş təşkilat və müəssisələr tərəfindən bilavasitə, yaxud onların təşkilatçılığı ilə Azərbaycan Respublikasında, yaxud xarici  dövlətdə keçirilən tədbirlər, nazirlik tərəfindən akkreditasiya olunmuş DTT tədbirləri kimi tanındığından, həmin tədbirlərdə iştirakla da həkim DTT kreditlərini əldə edə bilər.

Səhiyyə Nazirliyinin göndərişi ilə MDB ölkələrinin tibbi elmi mərkəzlərində, elmi-tədqiqat institutlarında, həkimləri təkmilləşdirmə institutlarında kurs, təlim keçən həkimlərin kreditləri də DTT kreditləri kimi qəbul edilir.

Ölkədə və xaricdə keçirilən DTT üzrə akkreditə olunmuş konqres, konfrans, simpozium, seminar, treninq və s. elmi və tədris tədbirlərdə iştirak etmiş həkimə              həmin tədbirlərin 1 akademik saatına (1 akademik saat = 45 dəqiqə) 1 kredit, tədbir zamanı şifahi və ya əyani prezentasiyaya görə əlavə olaraq 5 kredit verilir. Məsələn, həkim müddəti 18 akademik saat olan tədbirdə iştirakdan 18 kredit əldə edəcəkdir. Əgər o, həmin tədbirdə məruzə edibsə, 23 kredit əldə edəcəkdir.

20.3.   Distant kurslarda iştirak

Həkim distant kurslardan keçməklə DTT kreditləri əldə edə bilər. Həkim bu kursların DTT üzrə  akkreditə olunduğundan əmin olmalıdır. Hal-hazırda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu  tərəfindən distant kurslar təşkil edilir. Həmin kurslardan keçmək üçün institutun saytında (http://www.adhti.edu.az/) “Distant təhsil” portalına daxil olmaq lazımdır.

Bundan əlavə Britaniya Tibb Jurnalının istifadəçisi olan həkim “BMJ Learning” adlı distant kurs resursundan istifadə edə bilər.

Həkim distant kurslardan ildə ən çoxu 12 kredit toplaya bilər. Yəni hesabat ili ərzində distant kurslardan 12-dən çox toplanmış kreditlər nəzərə alınmayacaqdır.

20.4.   Təcrübə keçmək

Həkim yeni diaqnostika və müalicə metodlarını, tibb texnologiyaları və texnikasını mənimsəmək məqsədi ilə  istər ölkədə, istəsə də xaricdə yerləşən tibb müəssisəsində ixtisas üzrə təcrübə keçməklə DTT kreditlərini əldə edə bilər.

Təcrübə üzrə 1 iş gününə  1 kredit verilir. Təcrübəyə hesabat dövrü ərzində 24-dən çox olmayaraq kredit hesablanır. Yəni həkim 30 gün təcrübə keçibsə, hesabat ilində buna görə yalnız 24 kredit əldə edəcəkdir.

20.5.   İxtisas üzrə mütaliə, audiovizual dinləmələr

Həkim ixtisas üzrə elmi məqalələrin, tibbi ədəbiyyatın mütaliəsindən, audiovizual dinləmələrdən kreditlər əldə edə bilər.

Britaniya Tibb Jurnalının istifadəçisi olan həkimlər “BMJ Best Practise” resursundan mütaliə mənbəyi kimi istifadə edə bilərlər.

Nəşrin 30 səhifəsinə, audiovizual dinləmələrin isə 6 saatına 1 kredit hesablanır. Mütaliə yaxud audiovizual dinləmələrə görə hesabat ilində maksimum 5 kredit hesablanır.

20.6.   İxtisas üzrə fəlsəfə doktoru və ya tibb elmləri doktoru elmi dərəcəsi

Həkim ixtisas üzrə fəlsəfə doktoru elmi dərəcəsi ilə əlaqədar fəaliyyətinə görə 48 kredit, tibb elmləri doktoru elmi dərəcəsi ilə əlaqədar fəaliyyətinə görə isə 60 kredit əldə edə bilər. Kreditlər elmi işin tamamlandığı vaxta uyğun olan sertifikasıya dövrü üzrə bir dəfə hesablanır.

20.7.   Nəticələri dərc olunmuş ixtisas üzrə elmi fəaliyyət

Beynəlxalq resenziyalı və ya Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş jurnallarda, elmi məcmuələrdə, elmi dövri mətbuatda, elmi tədbirlərin nəşrində, qeydiyyatdan keçmiş elmi elektron nəşrlərdə nəticələri dərc olunmuş ixtisas üzrə elmi fəaliyyətinə görə birinci müəllif – 6 kredit; həmmüəllif(lər) – 3 kredit əldə edir. Kreditlər məqalənin tarixinə uyğun olan hesabat ili üzrə bir dəfə hesablanır.

20.8.   Yeni metodlarının işlənib hazırlanması

Tibbi yardım göstərilməsinin, diaqnostikanın, müalicənin, tibbi texnologiya, yaxud texnikanın yeni metodlarının işlənib hazırlanmasına görə həkim 60 kredit əldə edir.

20.9.   İxtisas üzrə tədris və metodik vəsaitlərin hazırlanması

İxtisas üzrə milli rəhbərliyin, dərsliyin, tədris vəsaitinin, metodik rəhbərliyin (vəsaitin) və tövsiyənin, monoqrafiyanın, təhsil proqramının (kurikulumun) hazırlanmasına görə həkim DTT kreditlərini aşağıdakı cədvələ uyğun olaraq əldə edir:

 

İxtisas üzrə milli rəhbərliyin hazırlanması Birinci müəllif – 60 kredit; həmmüəllif(lər) – 36 kredit; fəslin müəllifi – 24 kredit; elmi redaktor – 36 kredit; rəyçi(lər) – 12  kredit
İxtisas üzrə dərsliyin hazırlanması Birinci müəllif – 48 kredit; həmmüəllif(lər) – 24 kredit; fəslin müəllifi – 18 kredit; elmi redaktor – 24 kredit; rəyçi(lər) – 12 kredit
İxtisas üzrə tədris vəsaitinin hazırlanması

 

Birinci müəllif – 24 kredit; həmmüəllif(lər) – 12 kredit; fəslin müəllifi – 6 kredit;   elmi redaktor – 12 kredit; rəyçi(lər) –3 kredit
İxtisas üzrə metodik rəhbərliyin (vəsaitin) və tövsiyənin hazırlanması Birinci müəllif – 24 kredit; həmmüəllif(lər) –12 kredit; elmi redaktor – 12 kredit; rəyçi(lər) – 3 kredit
İxtisas üzrə monoqrafiyanın yazılması 24 kredit
İxtisas üzrə təhsil proqramının (kurikulumun) hazırlanması Birinci müəllif – 24 kredit; həmmüəllif – 12 kredit; elmi redaktor – 12 kredit; rəyçi –3 kredit

 

 20.10.   Tibb təhsilində pedaqoji fəaliyyət

Tibb təhsili, o cümlədən ixtisas üzrə həkimləri təkmilləşdirmə proqramları çərçivəsində dərs verilməsinə görə 12 akademik saata 1 kredit hesablanır.

20.11.   Rezident(lər)in işinin və tibb təhsili alan tələbələrin yay təcrübələrinin kurasiyası

İl ərzində bir rezidentin işinin kurasiyasına görə 6 kredit, tibb təhsili alan tələbələrin yay təcrübələrinin kurasiyasına görə hesabat ilində 5 kredit verilir.

20.12.   DTT çərçivəsində tədris aparmaq

Ölkədə, xarici və ya beynəlxalq səviyyədə akkreditə olunmuş DTT proqramları çərçivəsində ixtisas üzrə seminarların, treninqlərin aparılması və digər tədris fəaliyyətinin həyata keçirilməsinə görə 6 akademik saata 1 kredit hesablanır.

  1. Həkim DTT fəaliyyətini necə sənədləşdirməlidir?

Həkimin sertifikasiya dövrü ərzində DTT üzrə fəaliyyəti onun tərəfindən tərtib olunmuş növbəti təqvim ilinə nəzərdə tutulmuş fərdi peşəkar inkişaf planı (bundan sonra – plan) əsasında həyata keçirilir. Həkimin sertifikasiya dövrü ərzində DTT üzrə fəaliyyəti isə peşəkar inkişafın illik hesabatında (bundan sonra – hesabat) əks olunur.

Planın və hesabatın tərtibi və təsdiqi elektron məlumat sistemi vasitəsilə həyata keçirilir.

Plan və hesabatın tərtibi üçün hər bir həkimin “Elektron səhiyyə” saytında (http://e-sehiyye.gov.az/) hesabı olmalıdır. Hesabı yaratmaq üçün həkim həmin saytda “Qeydiyyat” bölməsində öz şəxsi məlumatlarını daxil edib qeydiyyatdan keçməlidir. Həmin saytda qeydiyyatı mövcud olan həkimin “Elektron səhiyyə”nin saytında “E-Xidmətlər”in siyahısındakı sayca 42-ci xidmətdən, yəni “Həkimlər üçün davamlı tibbi təhsil kabineti” adlı xidmətdən istifadə etmək imkanı yaranır.

Bu xidmətdən istifadə etmək üçün həkim linkə daxil olub, uyğun ilə aid fərdi peşəkar inkişaf planına məlumatları daxil edir. Bu zaman peşəkar inkişafın illik hesabatı da formalaşır. Yəni plana daxil edilmiş məlumatlar əsasında hesabat avtomatik yaranır. Həkim DTT fəaliyyətini sübut edən təsdiqləyici sənədləri hesabatın müvafiq hissələrinə daxil edir. Mütaliə, audiovizual dinləmələrin sübutu üçün təsdiqləyici sənəd tələb olunmur.

Eyni zamanda Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditə olunmuş tədbirləri və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən keçirilən kursları plana ümumi siyahıdan seçib daxil etmək imkanı möcvud olduğundan, həkimin İştirak etdiyi həmin tədbirlərdən və kurslardan əldə etdiyi kreditlər avtomatik hesabata oturur. Bu səbəbdən tədbirlərlə bağlı hesabata təsdiqləyici sənəd əlavə etməyə ehtiyac olmur.

Həkimlərə 2018-ci ilin əvvəlindən hal-hazıradək iştirak etdikləri tədbirləri cari ilin sonunadək plana daxil etmək imkanı verilmişdir.   

Həkimin planı və hesabatı elektron məlumat sistemi vasitəsi ilə müəssisənin rəhbəri tərəfindən təsdiq olunur.