Balanslı qidalanma uşaqlarda piylənmənin qarşısını alır

Bakı, 18 avqust, AZƏRTAC

Uşaqlarda piylənmə geniş yayılmış problemlərdən biridir. Son illərdə həmin xəstəlikdən əziyyət çəkənlərin sayı sürətlə artır.

Bakıdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a deyib ki, az hərəkət etmək piylənməyə səbəb olan əsas amillərdən biridir. Ona görə də xüsusilə 13-15 yaş arasında olan uşaq və yeniyetmələrin valideynləri həmin problemlərlə əlaqədar daha çox müraciət edirlər: “Həmin yaş dövründə valideynlər övladlarının qidalanmasına ciddi diqqət yetirməlidirlər, çünki böyüməkdə və inkişafda olan orqanizm üçün balanslı qidalanma lazımdır. Balanslı qidalanma deyəndə ət, toyuq, balıq, süd məhsulları, çərəzlər, meyvə quruları, mövsümə uyğun meyvə-tərəvəzlər, göyərtilər, doymuş və doymamış yağlar, paxlalar daxil olmalıdır. Yağlı və qızardılmış yeməklərdən uzaq olmağa çalışmaq lazımdır. Konfet və şokoladlar çox az miqdarda qəbul edilməlidir”.

Həkim-pediatr qeyd edib ki, passiv həyat tərzi keçirən uşaqlarda əzələlər də zəifləyir, bu isə onurğanın əyilməsinə aparıb çıxarır. Adətən uşaqlara düzgün oturuş qaydası məktəblərdə aşılanmır. Telefon və kompüter arxasında vaxt keçirən balacalarda onurğa sütunu deformasiyaya uğrayır. Skolyozun ağır fəsadları ola bilər, əsasən onurğanın torokal və lyumbar hissəsində S-vari skolyoza aparıb çıxaran hallar müşahidə edilir. Valideynlər bəzən bunu uşaqların çiyınlərində olan fərqliliklə əlaqələndirirlər”.

Həkimlər çıxış yolunu mütəmadi olaraq idman hərəkətləri etməkdə görürlər. “Yaxşı olar ki, uşaqlar həftədə heç olmasa iki-üç dəfə idman hərəkətləri etsin, 20-30 dəqiqəlik yürüşə çıxsınlar. 4-6 yaş və 12-14 yaşlılar arasında qamət pozuntuları ilə əlaqədar daha çox müraciətlər olur. Ali məktəbə hazırlaşan yeniyetmələr daha uzun müddət stol və ya kompüter arxasında əyləşməli olurlar və onlarda həmin hallar daha çox özünü göstərməyə başlayır”, – deyə həmsöhbətimiz əlavə edib.

Hafizə Məmmədova əlavə edib ki, onlayn dərslər koronavirusa yoluxmaqdan qorusa da, oturaq həyat tərzi orqanizmdə digər problemlər yaradır. Sağlam olmaq üçün isə həm qida rasionuna diqqətə yetirilməli, həm də aktiv həyat tərzinə üstünlük verilməlidir.