Azərbaycanda 17,5 mindən çox allergiya xəstəsi qeydə alınıb

Bakı, 30 may, AZƏRTAC

Bronxial astma tənəffüs yollarının iltihabi xəstəliyi olub, xırıltılar, tənəffüs müddətinin qısalması, öskürək, döş qəfəsində gərginliklərlə xarakterizə edilir. İltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponenti astma və qeyri-allergik astmadan fərqləndirirlər.

Erkən yaşlarda antibiotiklərin uzunmüddətli qəbulu gələcəkdə astmanın yaranmasına səbəb ola bilər. Evdə siqaret çəkilirsə, həmin evdə yaşayanlarda xəstəliyin yaranması riski artır. Mənzildə rütubət varsa, ev tozludursa, astma və allergiya yaranma ehtimalı daha çoxdur.

AZƏRTAC xəbər verir ki, həkim-allerqoloq Tahirə Pənahova deyib: “Allergiyalar müxtəlif ola bilər: qida, məişət, epidermal, toz allergiyası və s. Həmin allergenlərə qarşı orqanizmdə müxtəlif allergik reaksiyalar – tənəffüs, mədə-bağırsaq traktı, dəri allergik reaksiyaları yarana bilər. Ən çox yayılmış və ən ağır gedişata malik bronxial astma xəstəliyidir”.

15-16 yaşına qədər uşaqlarda tez təyin olunan astma xəstəliyini tam olaraq müalicə etmək və ya 30-40 ilə qədər simptomsuz yaşayış təmin etmək mümkündür. Allergiya dedikdə allergen adlandırılan yad cisimlərə immun sisteminin reaksiyası başa düşülür. Allergenlər əsasən iki böyük qrupa bölünür: tənəffüs və qida allergenləri. Tənəffüs allergenləri, yəni tənəffüs orqanları ilə nəfəs alan zaman orqanizmə daxil olan və allergik reaksiya göstərən maddələrdir. Qida allergenləri isə qida qəbulu zamanı yarana bilən allergik reaksiyalardır. Bundan başqa kontakt allergiyası da var. Bu allergenlərlə kontaktda olanda onlara toxunan zaman dəri və selikli qişada özünü göstərir.

Səhiyyə Nazirliyinin ötənilki məlumatına əsasən, ölkəmizdə 17 min 517 nəfər allergik xəstəlikdən əziyyət çəkir. Bronxial astma öskürək, fit verən tənəffüs, boğulma, döş qəfəsində olan xırıltılar kimi əlamətlərlə özünü göstərir.

Xəstəliyin müalicəsi üçün ilk və ən vacib məqam ona səbəb olan allergiyanı təyin etmək və onu xəstənin həyatından çıxarmaqdır. Həmin xəstəliyə düçar olanların idmanla məşğul olması da daha məqbul hesab olunur.