Azərbaycan və İsrail pediatrları arasında klinik təcrübə mübadiləsi uğurla başa çatdı

1–4 iyun 2025-ci il tarixlərində K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda İsrailin Soroka Tibb Mərkəzinin mütəxəssisləri ilə birgə təşkil olunan beynəlxalq əməkdaşlıq çərçivəsində bir sıra mühüm tibbi və elmi tədbirlər həyata keçirilib. Görüş Heydər Əliyev Fondunun dəstəyi, Səhiyyə Nazirliyinin və İsrailin Azərbaycandakı Səfirliyinin iştirakı ilə baş tutub.
İyunun 3-də institutun müxtəlif klinik şöbələrində ağır xəstəlik hallarının multidissiplinar müzakirəsi aparılıb, mürəkkəb hadisələr təqdimat şəklində təqdim olunub və konsiliumlar keçirilib. İsrailli mütəxəssislərlə birgə aparılan tibbi təhlillər zamanı yerli mütəxəssislərin yanaşmaları beynəlxalq praktikaya uyğun şəkildə qiymətləndirilib.
Günün sonunda Azərbaycan Tibb Universitetinin rəhbərliyinin dəvəti ilə qonaqlar Anatomiya muzeyini ziyarət etmiş və ölkəmizin tibb təhsili ənənələri ilə yaxından tanış olmuşlar.
İyunun 4-də israilli həkimlər tərəfindən 100-dən çox uşaq fərdi şəkildə müayinə olunub. Bunun üçün institutda hər bir mütəxəssisə ayrıca tibbi kabinet ayrılıb və EXO, EKQ, USM, qastrokolonoskopiya, bronxoskopiya kimi avadanlıqlarla tam təmin olunub. Bu şərait uşaqlarda müxtəlif patologiyaların erkən aşkarlanması və diaqnostikasında mühüm rol oynayıb.
Tədbirin sonunda israilli qonaqlar institutda yaradılan şərait, yerli mütəxəssislərin peşəkar bilik və bacarıqları, eləcə də göstərilən qonaqpərvərlik və əməkdaşlıq mühiti barədə yüksək fikirlər bildiriblər. Onlar bu əməkdaşlığın qarşılıqlı öyrənmə və təcrübə paylaşımı baxımından olduqca dəyərli olduğunu qeyd etmiş və əlaqələrin davam etdirilməsinə tam hazır olduqlarını vurğulamışlar.
İnstitutun kollektivi adından Heydər Əliyev Fonduna və xüsusilə fondun vitse-prezidenti Leyla xanım Əliyevaya tədbirin yüksək səviyyədə təşkili, səhiyyəmizin inkişafına və uşaqların sağlamlığına verdiyi dəstəyə görə dərin təşəkkür ifadə olunub. Görülən işlərdə uğurlar və möhkəm can sağlığı arzulanmışdır.