Azərbaycan Tibb Universitetinə qəbul olunan xarici tələbələrin sayında kəskin artım var
Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Şurasının iclası keçirilib.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində keçirilən yığıncağı açan universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev gündəliyə keçməzdən öncə bu gün haqqında iştirakçılara məlumat verib. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalovun “Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorluğunda 2017-2018-ci tədris ili ərzində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələr” barədə hesabat məruzəsi dinlənilib.
Məruzəsində son üç ilin statistikasına istinad edən prorektor bildirib ki, universitetə 2015/2016-cı dərs ilində 179, 2016/2017-ci dərs ilində 689, 2017/2018-ci ildə isə 613 xarici tələbə qəbul olunub: “Universitetimizə daxil olan xarici tələbələrin sayının kəskin artmasının bir neçə səbəbi var, o cümlədən ATU-nun xarici ölkələrdə daha yaxşı tanınması və nüfuzunun artması, bəzi ölkələrdə (İraq) ATU-nun diplomunun dövlət səviyyəsində tanınması, ölkəmizdə olan sabitlik və əmin-amanlıq, həmçinin təhsil haqqının rəqabətli olmasıdır. Cari dərs ilində qəbul olunmuş əcnəbi tələbələrin sayının bir qədər azalması universitetimizin auditor fondunun və əcnəbi tələbələrə dərs keçən müəllimlərin sayının məhdud olması ilə bağlıdır, bu rəqəm ATU-nun tədris hissəsi tərəfindən təyin edilir. Gələcəkdə həm auditor fondu, həm də əcnəbi tələbələrə dərs keçən müəllimlərin sayının artması əcnəbi tələbələrin qəbulunun artırılmasına imkan verməlidir”.
Əvvəlki illərdə universitetimizə daxil olan əcnəbi vətəndaşların sayının çox olmaması səbəbindən onlarla bağlı məsələlərin tez və asan həllinin mümkünlüyünə toxunan prorektor bildirdi ki, son iki tədris ilində qəbul üçün müraciət edən namizədlərin sayının artması ATU-nun buna hazır olduğunun göstəricisidir: “Belə ki, qəbul zamanı nizamsızlıq və böyük növbələr müraciət edən əcnəbi vətəndaşların haqlı narazılığına səbəb olub. Eyni zamanda, qəbul komissiyasının üzərinə böyük yük düşüb, komissiya üzvləri çətin və gərgin iş şəraitində işləməli olublar”.
Əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin ATU-ya daxil olması üçün hazırlıq kursunun təsis olunması və bu kursa qəbulun ildə iki dəfə aparılması təklifini Şura üzvlərinin diqqətinə çatdıran N.Zeynalov qeyd edib ki, bu kurs ATU-nun struktur vahidi olmayaraq Azərbaycan, ingilis, rus dili, fizika, kimya və biologiya üzrə dərslərdən ibarətdir. Kursun təşkili işinin xarici tələbələrlə iş üzrə dekanlığa, dərslərin aparılmasının isə müvafiq kafedralara həvalə edilməsi nəzərdə tutulur.
Məruzədə əksini tapan əsas təkliflərdən biri də namizədlərin qeydiyyatının yalnız elektron şəkildə xüsusi internet portal vasitəsilə aparılması və qəbul komissiyası tərəfindən İnternet üzərindən onlayn müsahibə yolu ilə seçilməsi olub.
2015-ci ildə 285, 2016-cı ildə 195, 2017-ci ildə isə 246 nəfərin yay istehsalat təcrübəsini xaricdə keçirməsini ATU-nun tələbələrinin beynəlxalq təcrübədən yararlanmağa marağının yüksək olması kimi dəyərləndirən prorektor onların daha çox Türkiyə və Almaniyaya üz tutduqlarını bildirib: “Belə ki, 2015-ci ildə Türkiyəyə 250, Almaniyaya 33, digər ölkələrin hərəsinə 1 tələbə, 2016-cı ildə Türkiyəyə 116, Almaniyaya 72, Polşaya 3 tələbə, 2017-ci ildə isə Türkiyəyə 106, Almaniyaya 131, digər ölkələrin hərəsinə 1-2 tələbə gedib”. O da bildirilib ki, bir çox xarici universitetlərdə tibb tələbələri üçün yay istehsalat təcrübəsi anlayışının olmaması, həmçinin xaricdə təcrübə keçmək üçün müəyyən maddi vəsaitin tələb edilməsi tələbələr üçün ciddi maneələr yaradır.
Klinik rotasiyaların faktiki olaraq istehsalat təcrübəsini əvəz etdiyini söyləyən prorektorun sözlərinə görə, gələcəkdə ATU-nun proqramı qərb tibb təhsili standartlarına yaxınlaşdıqca mütləq yay istehsalat təcrübəsinin ləğv edilməsini də gözləmək olar.
N.Zeynalov universitetin mübadilə proqramları üzrə fəaliyyətinə də toxunaraq qeyd edib ki, rezidentlərin mobilliyini nəzərə almasaq, bu proqramlarda iştirak edən tələbə və müəllimlərin, eyni ilə ATU-ya mübadilə üçün gələnlərin sayı azdır: “Mənim fikrimcə buna əsas səbəb universitetlər arasında olan təhsil proqramlarının çox fərqli olmasıdır. Buna görə bir çox tələbənin dərslərini eyniləşdirmək mümkün olmur. Həmçinin mübadilə ilə bağlı məsrəflərin, “Mevlana” proqramının Azərbaycan üçün tibb istiqamətinin ikinci ildir ki, bağlı olmasını, “Erasmus+” proqramının isə maliyyələşməsinin kəskin azalmasını mübadilələrin həyata keçirilməsinə əlavə maneə kimi görürəm. Buna baxmayaraq, universitetimizin tədris proqramlarının təkmilləşdirilməsi və qərb standartlarına yaxınlaşdırılmasını akademik mobilliyə qatılan tələbələrin sayının artması üçün əsas vasitənin olmasına inanıram”.
İşlə bağlı xarici səfərlər zamanı ortaya çıxan əsas problemlərdən birinin də maliyyə çətinliyi olduğunu söyləyən N.Zeynalov gələcəkdə universitetin maddi vəziyyəti imkan verəndə əməkdaşların elmi-praktik səfərləri üçün fond yaradılmasını təklif etdi.
Rektorun tapşırığı əsasında ilk növbədə ingilis dilində tədris aparan müəllimlərin ümumi ingilis dili biliyi səviyyəsinin ölçülməsinin planlaşdırıldığını Şura üzvlərinin nəzərinə çatdıran prorektor universitetin beynəlxalq layihələrdə iştirakı, xarici universitetlərlə əməkdaşlığı, səfirliklər və missiyalarla münasibətləri barədə də ətraflı məlumat verib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.