Azərbaycan Tibb Universiteti ilə Dünya Səhiyyə Təşkilatı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ölkəmizdə səfərdə olan Dünya Səhiyyə Təşkilatının ictimai səhiyyə və səhiyyə sistemləri bölməsinin direktoru Hans Kluge ilə görüşüb. Görüşdə Azərbaycanla DST arasındakı əməkdaşlığın genişləndirilməsində Tibb Universitetinin rolu müzakirə olunub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Dünya Səhiyyə Təşkilatının nümayəndəsi ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində görülən işləri yüksək qiymətləndirib. O, DST ilə Azərbaycanın səhiyyə sahəsində fəaliyyət göstərən dövlət qurumları arasında uzun illik əməkdaşlıq mövcud olduğunu bildirərək qeyd edib ki, əməkdaşlıq çərçivəsində Azərbaycan təmsilçiləri mütəmadi olaraq DST-nin keçirdiyi toplantılarda iştirak edir, təşkilatın ölkəmizdə ofisi əməkdaşlığın genişləndirilməsi sahəsində fəal iş aparır. Bununla yanaşı DST tərəfindən Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi, ictimai sağlamlıq, uşaq və ana ölümünün qarşısının alınması və bir sıra digər məsələlərlə bağlı müxtəlif layihələr həyata keçirilir və təşkilat əməkdaşlığın genişləndirilməsi işinə dəstək verməyə hazırdır.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ölkəmizlə DST arasında sıx əməkdaşlıqdan məmnunluğunu bildirib və qurumun ölkəmizdəki ofisinin bu işdə böyük töhfəsi olduğunu söyləyib. Azərbaycan Tibb Universitetinin Dünya Səhiyyə Təşkilatının Kimyəvi Risklərin Qiymətləndirilmə Şəbəkəsinin üzvü olduğu qeyd edilib. Professor təşkilatın layihələrdə yaxından iştirak etdiyini və əlaqələrin daha intensiv xarakter almasının tərəfdarı olduğunu bildirib: “Ölkəmizdə səhiyyə və təhsil sahəsinin inkişafı sahəsində xeyli işlər görülür. Bu iki sahənin əlaqələndirilməsində Azərbaycan Tibb Universitetinin bir növ aparıcı qüvvəsi kimi çıxış etdiyini söyləmək yəqin ki, mübaliğə olmaz. ATU-nun rezidentura sisteminə keçidini tibb təhsili sahəsində ən böyük dönüş nöqtələrindən biri hesab etmək olar. Hazırda ATU-da ikipilləli təhsil sistemi mövcuddur”.

Rektor görüşdə universitetdə rezidentura pilləsi, rezidentlərin mübadilə proqramı və digər yeniliklər barədə də məlumat verib, universitet daxilində fəaliyyət göstərən Stomatoloji, Onkoloji, Cərrahiyyə və Tədris Terapevtik Klinikaları olduğunu və onların zəngin maddi-texniki baza, müasir cihaz və avadanlıqla təchiz edildiyini qeyd edib. Özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərən klinikalarda tələbə və rezidentlər həm nəzəri, həm də praktik biliklərə yiyələnirlər. Yaxın vaxtlarda həmin müalicə ocaqlarında tibbi sığorta sisteminin tətbiqi də nəzərdə tutulub.

Professor dərs proqramların yenilənməsinin vacibliyini və bu sahədə çoxşaxəli beynəlxalq əlaqələrdən yararlanmaq niyyətində olduqlarını çatdırıb. Universitetdə tibbi profilaktika fakültəsinin ictimai səhiyyə adlandırılmasının həmin ixtisasa yiyələnənlərin diplomunun digər ölkələrdə tanınmasına yardım edəcəyinə əminliyini ifadə edib və hazırda fakültədə həmin profilə uyğun fənlərin tədrisi istiqamətində işlər görüldüyünü bildirib.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov çıxış edərək universitetdə tətbiq edilən yeniliklər barədə məlumat verib.

Görüşdə iştirak edən DST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbər Kamran Qaraxanov dünya təşkilatı ilə təhsil müəssisəsi arasındakı əməkdaşlığın daha da genişləndirilməsi barədə danışıb.

Görüş zamanı ölkəmizdə tibb təhsilinin inkişafı ilə əlaqədar gələcək planlar haqqında da müzakirələr aparılıb.

 

AZƏRTAC