Asperger sindromu uşaqların ünsiyyət qurmaqda çətinlik çəkməsi ilə müəyyən edilir
Bakı, 11 iyun, AZƏRTAC
Autizm pozğunluqlarından biri də Asperger sindromu şəklində özünü büruzə verir və onun üçün inkişafda gecikmələr, əlaqə qurmaq çətinliyi və sosiallaşma çatışmamazlıqları xarakterikdir. Asperger sindromu dil və fərdi inkişafa təsiri ilə fərqlənir. Həmin sindromun aşkar edilməsi avstriyalı uşaq həkimi Hans Aspergerin adı ilə bağlıdır. Həmin uşaqların empatik bacarıqlarının az olduğunu, sözsüz ünsiyyətdə çətinlik çəkdiklərini və yaşıdları ilə müqayisədə daha bacarıqsız olduqları müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib: “Asperger sindromu sosial bacarıqsızlıq və ünsiyyət qurmaq problemlərinə səbəb olan inkişaf pozğunluğudur. Bu sosial bacarıqlar, əlaqə qurmaq bacarıqları və xəyal gücü inkişafında gecikməyi yaradan bir pozğunluqdur. Asperger sindromu olanların zəkaları və dil inkişafları normaldır. Bəzi uşaqlarda yüngül, bəzilərinə isə ciddi şəkildə təsir edən əlamətlərə səbəb ola bilir. Sindromun bir çox əlamətləri özünü gec büruzə verir, əksər hallarda 5-9 yaş arasında müəyyənləşdirilir. Bəzi uşaqlarda isə 3 yaşından sonra diaqnoz qoyulur. Əlamətləri əksər hallarda uşaqların ünsiyyət qurmaqda çətinlik çəkməsi ilə müəyyən edilir. Onların sosial davranışları fərqli olur. Uşaq məktəbə getməyə başlayanda problemlər daha qabarıq şəkildə özünü göstərir. Bunun başlıca səbəbi əsəbi ünsiyyət əlaqələri olduğundan digər uşaqlarla problem yaşamaqdan ibarətdir”.
Müsahibimiz deyib: “Uşaqlarda Asperger sindromunun bir sıra əlamətləri var. Onlar təkbaşına oynamaq istəyir və qrup oyunlarında iştirak etmirlər. Ünsiyyət zamanı üz ifadələri və göz təmasından istifadə edə bilmirlər. Bacı-qardaşları və dostları ilə ünsiyyətdə çətinliklə üzləşirlər. Empatiya azlığı göstərir və duyğuları qarşılıqlı şəkildə anlaya bilmirlər. Məsələn, başqa bir uşaq ağlayanda ona təsəlli vermir və niyə ağladığını anlamırlar. Danışıq zamanı onların işlətdiyi sözlərdə vurğu olmur. Zarafatı başa düşmürlər. Bəzi uşaqların nitqində gerilik özünü büruzə verir, təzə söz və ya cümlə öyrənəndən sonra onu yadından çıxarır və təkrar işlədə bilmir. Lakin həmin problemlə üzləşən uşaqların heç də hamısında həmin əlamətlər özünü göstərmir. Onların bəzilərində əlamətlər aşkar hiss olunsa da, bəzilərində çox yüngül sezilir. Asperger sindromunda daha çox təkrarlanan və əsəbi davranışlar, işıq, səs, qoxu, dad və toxunmaya qarşı həssaslıq və qəzəblilik kimi keyfiyyətlərlə rastlaşmaq mümkündür”.
Psixoloqun dediyinə görə, yetkinlik yaşına çatanda Asperger sindromunun daşıyıcıları epilepsiya, depressiya və əsəbilikdən şikayətlənir, onlarda qidalanma zəncirinin pozulması nəticəsində yeməkdən imtina və sosial əlaqə çətinliyi müşahidə edilir: “Həmin sindromun daşıyıcılarına diaqnoz qoyulması üçün xüsusi testi yoxdur. Ancaq bu vəziyyətin diaqnozunda bəzi köməkçi vasitələr var və onun vasitəsilə xəstəliyin şiddətini də müəyyən etmək olar. Sindromun müalicəsi olmasa da, uşaqların mümkün olduğu qədər normal bir yaşayış keçirməsi üçün müalicələr var. Həmin müalicələr ünsiyyət və sosial bacarıqların, eləcə də davranışın qaydaya salınmasına kömək edir”.