Ağrıkəsicilər müxtəlif allergik təsir göstərə bilər
Bakı, 23 yanvar, AZƏRTAC
Gündəlik həyatda hiss etdiyimiz ən adi ağrılar zamanı ağrıkəsici dərmanlardan istifadə edir, hətta onları özümüzlə çantada daşıyırıq. Lakin araşdırmalar göstərir ki, ən asan, əlçatan və reseptsiz satılan həmin dərmanların insan orqanizminə əks-təsirləri də olur. Həkimlərin dediyinə görə, həmin preparatlar mədənin selikli qişasını zədələyir, mədə xoraları və qanamalara aparıb çıxarır. Belə ki, mədə qastriti, yara və xoraların ən böyük səbəblərindən biri ağrıkəsicilərdir. Həmçinin ağrıkəsicilər böyrəklərə də mənfi təsir göstərir. Ona görə də mütəmadi olaraq ağrıkəsicilərdən istifadə edənlərin həmin orqanları zədələnir.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Nərgiz Kərimova deyib: “Bəzi ağrıkəsicilər mədə-bağırsaq traktını zədələyir və hətta allergik reaksiyalar da verə bilər. Hər hansı bir ağrıkəsicini tövsiyə olunmadan qəbul edəndə allergik reaksiya yarananda orqanizmə mənfi təsir edir. Hər bir ağrıkəsicinin norma və dozası var. Müəyyən olunmuş dozadan artıq istifadə ediləndə orqanizmə mənfi təsir göstərir. Uşaqların ağrıkəsicilər qəbul etməsi daha mənfi nəticələr verir”.
Bədənin hər hansı bir nahiyəsində ağrı varsa, bəzən bu, bir xəbərdarlıq rolu oynaya bilər. Ağrılar keçmir və təkrarlanırsa, mütəmadi ağrıkəsici içmək yox, müayinədən keçmək lazımdır. Bəzən təkrarlanan şiddətli ağrılar hansısa ciddi xəstəliyin əlaməti ola bilər.
Həkim-kardioloq Emin Allahverdiyev isə deyib: “Elə qrup ağrıkəsici dərmanlar var ki, onları iltihab əleyhinə qeyri-steroid dərmanlar adlandırırıq. Həmin qrupların ürək xəstəliklərinə mənfi təsiri var. Ona görə onları ehtiyatla qəbul etmək lazımdır. Ürək xəstəlikləri və ürək çatışmazlığı, arterial təzyiq xəstəliyi zamanı istifadə edilən dərmanların təsir effektivliyini azaldır”.
Ağrıkəsicilər bəzən müxtəlif allergik təsir də göstərə bilər. Hətta aşağı dozalarda olan ağrıkəsicilər də ürək çatışmazlığı riskini artırır. Ona görə də ağrıkəsicilərdən necə gəldi istifadə etmək ürək xəstəliyi və digər ağır problemlərə səbəb ola bilər.