Acı tüstünün zəhəri və zərəri
Bakı, 31 may, AZƏRTAC
Bər-bəzəkli qutuların üzərində yazılmış belə bir xəbərdarlıq var: “Siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur”. Hər gün bu barədə deyilir, yazılır, müxtəlif formada təbliğat və maarifləndirici iş aparılır. Acı tütün tüstüsünü acgözlüklə ciyərlərinə çəkənlər bu xoşagəlməz bəlanın asılılığından qurtula bilmirlər.
Qutuların üzərində yazılanlara, həkimlərin xəbərdarlığına baxmayaraq…
Narkomaniya və alkoqol kimi siqaret də təhlükəli vərdiş kimi çoxlarını öz girdabına salıb. Siqaret insan orqanizminin ən təhlükəli düşmənlərindən biridir. Uzun illər onun üzərində aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, siqaret tüstüsündə əksəriyyəti nikotin, qətran və xərçəng yarada bilən kanserogenlərdən ibarət 400-ə qədər kimyəvi maddə mövcuddur.
AZƏRTAC xəbər verir ki, aparılan kliniki araşdırmalara görə siqaret çəkənlərin dərisi çəkməyənlərə nisbətən daha tez qocalır, hətta 40 yaşlı siqaret çəkənlər 70 yaşlı siqaret çəkməyənin dərisi eyni struktura malik olur. Tütünün tərkibində olan karbonmonooksid, nikotin, qətran kimi maddələr ağciyərlərin fəaliyyətini pozur, oksigen çatışmazlığı nəticəsində ürək krizisi ehtimalını artırır. Ağız qoxusu, diş əti xəstəlikləri, dad hissiyyatının zəifləməsi, yaddaş zəifliyi, ruhi gərginlik, yuxusuzluq, xroniki başağrıları, gözdə katarakta və korluq və s. kimi xəstəliklər məhz siqaretə olan aludəçilikdən yaranır.
İki qutu siqaretin tərkibində 100-120 milliqram nikotin var. Gündə bir siqaret çəkənlərin qəbul etdiyi zəhərli maddə müəyyən vaxtdan sonra ciddi xəstəliklərin yaranmasına zəmin yaradır. Orqanizminə daxil olan nikotin böyrəküstü vəzin adrenalin və noradrenalin hormonları ifraz etməsinə səbəb olur. Bunun nəticəsində ürək və damar xəstəlikləri, eləcə də mədə xorası yaranır. Bununla yanaşı, ürək daha tez-tez döyünür və nəticədə qan təzyiqi yüksəlir. Daimi siqaret çəkənlər bu zərərli vərdişə bir müddət fasilə verdikdə əl və ayaqlara daha az qan işləyir, həmin orqanlarda temperatur aşağı düşür.
Siqaret, həmçinin mərkəzi sinir sisteminin işinə də mənfi təsir edir. Onu çəkənlərdə başgicəllənmə, yorğunluq və halsızlıq halları tez-tez müşahidə olunur, damar divarlarının elastikliyi azalır. Tütün tüstüsü ağ ciyərlərə daxil olduqda onun tərkibindəki qətran ağ ciyərlərə çökərək qana keçir, qanda olan oksigenlə birləşir və orqanizmdə oksigen çatışmazlığına səbəb olur. Bu zərərli vərdişə aludə olanlarda siqaret çəkməyənlərlə müqayisədə ağır eşitmə problemi 7 dəfə daha çox müşahidə edilir.
Siqaret zaman və pul itkisidir. Ona sərf olunan vəsait və zamana daha faydalı işlər görmək olar. Məsələn, gündə bir qutu, yəni 20 ədəd siqaret çəkən ildə orta hesabla 10-15 sutka zaman itirir. Hər siqaretə gündə 3 dəqiqə vaxt ayırdığını hesablasaq, ildə 365 saat vaxt edir.
Siqaret hər şeyə ziyandır- ömrə də, sağlamlığa da, cibə də… Ziyanlı olandan qurtulmaq isə heç vaxt gec deyil. Onu nə qədər tez, nə qədər vaxtında etsən, o qədər faydalıdır.
İstər adi siqaret olsun, istər elektron siqaret, istərsə də qəlyan…