17 noyabr - vaxtından əvvəl doğulmuş körpələr günü
Beynəlxalq vaxtından əvvəl doğulmuş körpələr günü Respublikamızda da qeyd edilmişdir (World Prematurity Day)
Beynəlxalq vaxtından əvvəl doğulmuşlar günü 2009-cu ildə yenidoğulmuşlara qulluq üzrə Avropa Fondu tərəfindən (Europian Foundation for the Care Newborn İnfants, EFCNİ) təsis olunmuşdur. Hazırda 200-dən çox ölkə bu təşəbbüsü dəstəkləyərək, həmin günü qeyd edir.
Hər il dünyada 15 mln.yaxın vaxtından əvvəl uşaq doğulur, yəni orta hesabla hər 10 doğulmuşdan biri. Körpənin doğulması hər bir insan həyatında böyük bir sevincdir. Bu cür körpələrdə yetkinsizliklə əlaqədar bir sıra problemlər, fəsadlar yarana bilər. Belə hallarda ana və uşağa xüsusi qulluq və tibbi yardım tələb olunur. Valideynlərə psixoloji dəstək lazımdır. Bu cür problemlərə cəmiyyətin diqqətini cəlb etmək üçün məhz bu bayram təsis olunmuşdur.
Bununla bağlı 17 noyabr tarixində Respublika Perinatal Mərkəzində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə geniş tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin direktoru, respublikanın baş mama-ginekoloqu S.Məmmədova, Səhiyyə Nazirliyinin baş neonatoloqu, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri R.Hüseynov, yarımçıq doğulmuş artıq 3-4-5 və daha böyük yaşlarına çatmış uşaqlar və valideynləri iştirak etmişlər.
Tədbirdə bildirilmişdir ki, ölkəmizdə hər il gerçəkləşən doğuşun 10 faizi vaxtından əvvəl doğuş olur. Yarımçıq doğuşların səbəblər müxtəlifdir. Bura əsas amil kimi hamiləlikdən öncəki hazırlığı, hamiləlikdən əvvəl ananın səhhətindəki problemləri, hamiləlik vaxtı meydana gələn problemləri daxil etmək olar. Hamiləliyin ilk günündən həkim nəzarətində olan qadınlarda ana və uşaq ölümlərinə nadir hallarda rastlanır.
Son illər Azərbaycanda yüksək texnologiyalardan istifadə, süni mayalanma mərkəzlərinin meydana gəlməsi, irsi xəstəliklərin tez bir zamanda aşkarlanması ilə əlaqədar diaqnostika yaxşılaşdığından erkən doğuş hallarının qeydiyyatı tam əhatə olunur.
Tədbirdə vurğulandı ki, analar vaxtından əvvəl doğulan körpələrin səhhətini daim nəzarətdə saxlamalı, peyvəndlərini vaxtında vurdurmalı, ildə bir dəfə mütləq şəkildə dispanserizasiyadan, dövrü müayinələrdən keçirməli, hər hansı bir xəstəlik olanda səhlənkar yanaşmamalıdırlar.
Çıxışlardan sonra iştirakçı uşaqlara hədiyyələrin bağışlanması, açıq havada səmaya şarların buraxılması azyaşlıların böyük sevincinə səbəb olmuşdur.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı