13 noyabr Beynəlxalq Gözdən Əlillər Günüdür

13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günüdür. Həmin ilk tiflopedaqoqlardan biri, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum gününə təsadüf edir.

Ümumdünya Səhiyyə Təşkilatı onun doğum tarixini Beynəlxalq Gözdən Əlillər Günü elan edib. XVIII əsrə qədər dünyada korlar üçün təhsil müəssisəsi yox idi.

Valentin Qayui ilk dəfə Fransada gözü dünya işığından məhrum olanların təhsili üçün xüsusi üsul yaradıb. O, 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına kor uşaqlar üçün “işləyən korların emalatxanası”nı açıb. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilib. Özünün ciddi maddi çətinlik çəkməsinə baxmayaraq, Valentin Qayui mətbəə yaradaraq qabarıq-xətti şriftlə korlar üçün ilk kitablar çap edib.

1829-cu ildə isə Paris Milli İnstitutunun şagirdi Lui Brayl kor uşaqlar üçün nöqtə-relyef şriftinin universal sistemini hazırlayıb və həmin sistem bütün dünyada yayılıb.

Noyabrın 13-də Azərbaycanda cəmiyyətin diqqətini görmə qabiliyyətini itirənlərə cəlb etmək üçün müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Gözdən Əlillər Cəmiyyətində tibbi aksiya və seminar keçirəcək. Səyyar Klinikasının həkim heyəti Gözdən Əlillər Cəmiyyətinin üzvlərinə tibbi xidmət göstərəcək. Əvvəlcə göz xəstəliklərinə qarşı profilaktik tədbirlərin görülməsi haqqında seminar keçiriləcək.

Seminarda məqsəd maarifləndirmə işləri aparmaq və bu xəstəliklərə qarşı mübarizə yollarını göstərməkdir. Humanitar aksiyada məqsəd operativ şəkildə pasientləri müayinə-müalicə, hətta cərrahi əməliyyat etməkdir. Eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.

Lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır. Hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq artır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı