0-42 aylıq uşaqların inkişafının dəyərləndirilməsi üçün növbəti təlim keçirilib

Uşaq inkişafı psixi və somatik sağlamlığı əks etdirən vacib parametrdir. Kiçik yaşlı uşaqların inkişafında meydana çıxan gerilikləri rutin fiziki müayinədə aşkar etmək çox çətindir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinə məlumat verən Tədris Terapevtik Klinikanın həkim-pediatrı, assistent Nigar Sədiyeva bildirir ki, inkişaf geriliklərinin mövcudluğu adətən uşaqlarda yeriməmək, danışmamaq kimi nəzərə çarpan problemlər meydana gələndə, yaxud uşaq təhsildə uğursuzluqlara düçar olduqda aşkar edilir: “Xüsusən son illər səhiyyəmizin uğuru – yenidoğulma dövründə müxtəlif problemləri olan yüksək risk qrupuna aid körpələrin yaşam şansının artması, eyni zamanda inkişaf çətinliklərinə namizədlərin də sayını artırır. Avropada, inkişaf etmiş ölkələrdə həmin məqsədlə uşaq inkişaf mütəxəssisləri müxtəlif testlərin köməyilə uşaqların sinir-psixi inkişafını və əqli inkişaf indeksini müəyyən edirlər. Uşaqların erkən inkişafı və inkişaf çətinliklərinin qarşısının alınması məqsədilə Beynəlxalq İnkişaf Pediatriyası Assosiasiyasının prezidenti və Ankara Universiteti tibb fakültəsi inkişaf pediatriyası kafedrasının professoru İlgi Ertem tərəfindən Beynəlxalq İnkişafın İzlənilməsi və Dəstəklənməsi Rəhbərliyi (İDİR) yaradılıb”.

Həkim-pediatr Nigar Sədiyevanın dediyinə görə, ölkəmizdə inkişaf çətinliklərinin qarşısının alınması və vaxtında aşkarlanması üzrə əhəmiyyətli işlər görülür. Onun verdiyi məlumata görə, Səhiyyə Nazirliyi və UNICEF-in dəstəyi ilə İDİR təlimlərinə başlanılıb. Bu həftə 0-42 aylıq uşaqların tələffüz və anlama nitqi, motor inkişafı, ünsiyyət qurma, oyunlar, özünə xidmət sahəsindəki inkişafını beynəlxalq standart alətin istifadəsi ilə dəyərləndirə bilmələri üçün azərbaycanlı mütəxəssislərə növbəti İDİR təlimi keçirilib.

Təlim Proqramını uğurla başa vuran Nigar Sədiyeva, Təranə Tağızadə, Mətanət Qaraxanova və başqaları sertifikatlarla təltif olunublar.

 

AZƏRTAC