Xroniki öskürəklər nədir

Uşaqlarınız uzun müddətdir ki öskürür? Onda aşağıdakı mövzuya diqqət edək.

Öskürək – orqanizmi yad hissəciklərdən və sekresiyalardan təmizləyərək, yad maddələrin aspirə olmasının (sovrulmasının) qarşısını alan vacib qoruyucu refleksdir.  Aparılmış tədqiqatlarda sağlam uşaqların sutka ərzində təqribi olaraq 11 dəfə öskürdüyü müşahidə edilmişdir.

Əgər öskürək 4 həftəyə qədər davam edirsə buna kəskin, 4-8 həftə arası davam etdikdə subklinik (kliniki əlamətlərlə özünü büruzə verməyən), 8 həftədən çox davam edirsə isə buna xroniki öskürək deyilir.

Amerikanın“College of Chest Physicians” bir çox elmi araşdırmaların da 4 həftədən uzun müddət davam edən öskürəyi xroniki öskürək kimi qəbul edir. Onlar fikirlərini bununla əsaslandırırlar ki, bu dövr ərzində kəskin tənəffüs yolu infeksiyasına bağlı olan öskürəklər azalır. Buna baxmayaraq, İngiltərənin “Toraks” Cəmiyyəti xronik öskürəkləri 8 həftədən uzun müddət davam edən öskürək kimi qəbul edirlər.

Ev içində olan qıcıqlandırıcı amillərin olması – ailədə aktiv və ya passiv siqaretdən istifadə, evdə qaz sobalarından istifadə, heyvanlarla tez-tez təmas saxlamaq və şəhərdə yaşayan (havanın şəhər kənarlarına nisbətdə təmiz olmaması) uşaqlarda tənəffüs yollarının daha çox qıcıqlanmasına və xroniki öskürəklərin baş verməsinə səbəb olur.

Diaqnoz:Uşaqlarda müalicələrə baxmayaraq ən az 1 aydan (4 həftə) artıq davam edən öskürəklərə xroniki öskürək deyilir. Əgər öskürək müalicədən sonra tamamilə sağalıb yenidən başlayırsa buna təkrarlanan öskürək deyilir. Xroniki öskürəyə səbəb olan xəstəliyin diaqnozu toplanmış düzgün anamnezə (xəstəlik və onun gedişi haqda məlumat), fiziki müayinəyə və bəzi testlərə əsasən qoyulur.

Uşaqların yaş dövrlərinə əsasən daha çox müşahidə olunan öskürək növləri

Südəmər dövr  Məktəbəqədər dövr Məktəb dövrü
Qastroezofagial refluks Təkrarlayan viral infeksiyalar Astma
Persistant bakterial bronxit Astma Yuxarı tənəffüs yollarının qıcıqlanması ilə olan öksürək sindromu
Südəmər uşağın keçici wheezing Persistant bakterial bronxit Qastroezofagial refluks
Kongenital anomaliyalar Yad cisim aspirasiyası Psixogenik öksürək
İNfeksiyalar Refluks İnfeksiyalar
Astma CF-PCD Persistant bakterial bronxit
Kistik Fibroz PCD Nadir səbəblər Nadir səbəblər

Xronik öskürəklərdə görülən ümümi səbəblər aşağıdakılardır:

  • İnfeksiyalar- RSV, adenovirus, Mycoplasma pneumoniae, Chlamydial pneumoniae, Göy öskürək və vərəm
  • Bronxial astma
  • Postnazal axıntı sindromu
  • Ətraf mühitin təsiri
  • Qastroezofagia refluks
  • Yad cisim aspirasiyası
  • Kistik fibroz
  • İmmun çatışmazlıq
  • Kongenital (anadangəlmə) anomaliyalar
  • Siliar diskineziya
  • Nevroloji- psixolojik baxımdan olan öskürəklər

Yenidoğulmuş körpələrdə görülən xroniki öskürəklərdə  ilkin öncə kongenital (anadan gəlmə qüsurlar) anomaliyalar (traxeobronxomalazi), aspirasyalara səbəb olan vəziyyətlər (Traxeoezofagialfistül), nevroloji pozuntular ya da xronik pulmonar infeksiyalar (kistik fibroz, siliyar diskinezi) düşünülməlidir.

Uşaq oynadığı ya da yemək yediyi zaman qəfil başlayan öskürək olursa, bu zaman yad cisim aspirasiyası (yəni, hər hansı bir oyuncağı ya da yeməyi udması və boğulma tutması kimi) ilkin olaraq başa düşülür.

Uşaqlar allergenlərin təsirindən qıcıqlanırsa, soyuq havada, idman zamanı və ya yatdığı dövr öskürəklər daha çox artırsa astma düşünülə bilər.

Bəzən keçirilmiş ağır pnevmoniyalarda tənəffüs yollarını zədələyərək bronxiektaziyaya səbəb olur və bu da xronik öskürəyə səbəb ola bilir.

Əgər öskürəklər səhərlər daha çox olursa, gecələr isə tamamilə itirsə və tipik olaraq məktəb dövrü (məs: məktəbə gedərkən, dərsləri hazırlayarkən) artırsa bu zaman psixolojik öskürək kimi qiymətləndirilə bilər.

Yeməkdən sonra ilk bir saatda ortaya çıxan və ya uşaq uzandığı zaman artan öskürək qastroezofagial refluks kimi qiymətləndirilir.

Ailədən toplanmış məlumatlara əsasən, ailədə və yaxınlarda davam edən xəstəliklər, öskürək, kilo itkisi, gecə tərləmələri varlığı vərəm olma ehtimalını düşündürməlidir.

Valideynlərə məsləhətlər:

Valideynlərə tövsiyə olaraq bildiririk ki, övladınızda uzun müddət davam edən öskürək zamanı  mütləq həkiminizə müraciət etməlisiniz. Məsələn: yad cismin aspirasiyası ola bilər ki, uzun müddət gözlənilməsi ağciyərin zədələnməsinə səbəb ola bilər. Keçmədiyi zaman öksürəyin səbəbi bəlli olmadan öskürək kəsici dərmanların verilməsi doğru hesab edilmir. Bu preparatların yan təsirləri olduğundan onların istifadəsi zamanı ehtiyatlı olmalısınız. Öksürəyin xarakterinə uyğun olaraq müalicə olunmalısınız. Hətta bəzən 1- 2həftə sonra kontrol olaraq yenə müayinə olunmalısınız.  Bəzən ilkin olaraq tam səbəbi bəlli olmayan öksürəklər sonradan tam olaraq səbəbini göstərə bilər.

Dr. Nərmin Əzizova

PhD. Uzman Dr. Əli Quliyev