Uşaqlarda qol (dirsək) çıxıqları. Dadı (baxıcı) dirsəyi nədir?

Uşaqlarda qol (dirsək) çıxıqları. Dadı (baxıcı) dirsəyi nədir?
Təcili olaraq ailələrin xəstəxanaya müraciətlərindən biri də “Uşağım qolunu tərpədə bilmir” şikayətidir. Xüsusən 1-4 yaş arası daha çox müşahidə edilir. Türk mənbələrin əsasən, balaca qız uşaqlarında xüsusən sol qolda daha çox rast gəlinir. Yaşın artması ilə, xüsusən 5 yaşından sonra görülmə tezliyi azalır. Kiçik yaşlı uşaqlarda tez-tez rast gəlinmənin səbəbi isə sümükləri saxlayan vətərlərin tam olaraq formalaşmamısıdır.
Baxıcı dirsəyi də adlandırılan bu hal ön qol çıxığına verilən addır. Bu hal tamamilə anatomik vəziyyətlə əlaqəlidir.
Baxıcı dirsəyi niyə olur?
1 yaşdan aşağı uşaqlarda daha çox yuxuda fırlanmaya və ya iməkləməyə bağlı olaraq qolun bədənin altında qalmasına bağlı olaraq müşahidə edilir. 1 yaşdan yuxarı uşaqlarda isə “Baxıcı dirsəyi” daha çox ana-ata uşağın qolunu yuxarıya doğru dartması, əl biləyindən asılma, qaldırma və ya döndərmə kimi güc edilməsi nəticəsində olur.
Baxıcı dirsəyinin əlamətləri hansılardır?
Qolun çəkilməsindən sonra uşaq ağlamağa başlayır və narahat olur. Uşaq həmin qolunu hərəkət etdirə bilmir. Hərəkət olduqda qəflətən ağlayır. Hətta bəzən yüngül şişkinlik ola bilər. Uşaq qollarını açma-qapama hərəkətləri edə bilər. Amma, bu zaman ağrı olduğundan qolunu döndərə bilməz. Uşaq qolunu yanda, dirsəyi yüngül qıvırmış və ön qol içəriyə dönmüş şəkildə saxlamağa çalışır.
Necə müalicə edilir?
Həkiminiz mil sümüyün başını yerinə gətirməklə müalicə edəcəkdir. Rentgen ehtiyacı yoxdur. Sadə oturtma manevrası ilə oynaq normal hala gətirilir. Həkimin müdaxiləsindən sonra xəstə 5-10 dəqiqə sonra əlini qolunu rahatlıqla hərəkət etdirəcəkdir. Hər 20 uşaqdan birində “baxıcı dirsək” təkrarlana bilinər. Ona görə də ailələr mütləq bu mövzuda məlumatlandırılmalı və uşağın qolunu dirsəkdən dartmamağa diqqət etməlidirlər.
Nərmin Əzizova
Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı