Uşaqlarda limfa vəzilərinin böyüməsi barədə. Həkim Nərmin Əzizova
Uşaqlarda limfa vəzilərin böyüməsi valideynləri çox narahat edən mövzulardan biridir. Bununla bağlı Pediatriya.az saytına daxil olan çoxsaylı suallar ətrafında elmi araşdırma apararaq aşağıdakı müsahibəni (elmi araşdırma mövzusunu) Sizlərə təqdim edirik:
Limfa vəziləri nədir?
Limfa vəziləri bədənimizdə yayılmış, immun sistemində əsas rol oynayan, orqanizmi ətraf mühitə qarşı müdafiə edən vəzidir. İmmun sistemində əsas yeri tutan limfa vəzilərinin vacib vəzifəsi orqanizmə daxil olan müxtəlif yoluxucu xəstəliklərə qarşı qorumaqdır.
İnsan bədənində 600-ə qədər limfa düyünü vardır. Limfa vəziləri boyun, qoltuq altı, qasıq, diz arxası, döş qəfəsi və qarın boşluğu kimi bədənin müxtəlif hissəllərində yerləşmişdir. Lakin, bu vəzilər müxtəlif səbəbdən böyüyə bilər və valideynlər bunu əllə hiss edə və ya gözlə görə bilərlər. Sağlam uşaqlarda, həmçinin yenidoğulmuş uşaqlarda da kiçik limfa vəzilərinin böyüməsini hiss edilməsi mümkündür.
Limfa vəzilərinin böyüməsinə səbəblər hansılardır?
Səbəb limfa vəzilərin böyüklüyündən, sayından, yerindən, ətraf toxuma ilə əlaqəsindən, konsistensiyasından (qatılığından), vəzinin ölçüsünün dəyişib-dəyişməməsindən, xəstənin yaşından və digər klinik simptomlardan aslı olaraq dəyişir. Limfa vəzilərin böyüməsi əsasən infeksion proseslərdə müşahidə olunur. Bir qayda olaraq, infeksion prosesin nəticəsi olaraq limfa vəziləri şişir. Bir qayda olaraq, 1 sm ölçüsünə qədər böyüyən limfa vəziləri normal qəbul edilir. Lakin, limfa vəziləri daha çox böyüdükdə mütləq həkimə müraciət etmək lazımdır. Uşaqlarda böyüklərdən fərqli olaraq limfa vəziləri infeksiya, travma, pişik cırmağı və s. kimi qıcıqlara daha sürətli və effektiv cavab verir. Revmatizma xəstəlikləri, autoimmun xəstəlikləri, metabolik (depo) xəstəliklər, müxtəlif dərmanlar və toksik maddələr limfa vəzilərin böyüməsinə səbəb olur. Nadir hallarda limfoma və ya leykoz kimi bəzi xərçəng növlərində də limfa vəzilərin böyüməsinə rast gəlinə bilinər. Səbəbin dəqiq müəyyən edilməsi və diaqnoz qoyulmada gecikmə olmamalıdır və lazım olan müayinə və müalicə aparılması üçün həkimə müraciət olunmalı, xəstə hekayəsi və diqqətli fiziki müayinələr aparılmalıdır. Səyahət hekayəsi, qan transfuziyası, ailədə vərəm xəstələrin olub-olmaması və ya vərəm xəstəsi ilə kontakt, HİV, EBV (Epştein-Barr virusu), streptokok infeksiyası, brusella, evdə pişiyin olub-olmaması, son dövrlərdə peyvəndlənmənin aparılıb-aparılmaması diqqətlə araşdırılmalıdır.
Səbəblər aşağıdakı kimi sıralana bilinər:
- İnfeksion səbəblər: virus, bakterial, göbələk, parazitar;
- Autoimmun xəstəliklər (qırmızı qurd eşənəyi, yuvenil idiopatik artrit, vaskulit sindromları, autoimmun hemolitik xəstəlik);
- Depo xəstəlikləri (Gaucher, Niemann Pick);
- Neoplastik xəstəliklər (kəskin leykoz, limfomalar, nöroblastomalar və sair);
- Digər genarilizə olunmuş LAP səbəbləri (Kavasaki xəstəliyi, Pişik cırmağı xəstəliyi, Atopik dermatit, Xronik qranulomatoz xəstəlik və sair)
Limfa vəzilərinin böyüməsinin əlamətləri hansılardır?
Limfa vəzilərinin böyüməsi infeksion əlamətlərlə yanaşı, qızdırma, çəki itkisi, gecə tərləməsi, qansızlıq, səpkilər kimi əlamətlərlə müşahidə edilə bilinər. Limfa düyünlərinin böyüməsi müşahidə edildikdə qızdrma, oynaq (sümük) ağrısı, səpkilər, çəki itkisi, gecə tərləməsi, qaşıntı, nəfəs darlığı, son 1 ay daxilində keçirilən infeksiyalar, heyvan təması, ailədə keçirilən xəstəliklər, səyahətin olub-olmaması, vərəm keçirib-keçirməməsi və peyvənd olunub-olunmaması barədə məlumat toplanmalıdır. Şikayətləri dəyərləndirdikdə limfa vəzilərin yayılması, böyümə sürəti, ətraf toxumalara yapışıqlığı və ya hərəkətli olması və bu vəziyyətə səbəb ola biləcək dərman istifadəsinə mütləq diqqət edilməlidir.
Hər böyüyən limfa vəzisi təhlükəlidir?
Uşaqlarda limfa vəzilərin böyüməsinin əsas səbəbi infeksion proseslərdir. Məsələn: çənə altında limfa vəzilərinin şişməsinə səbəb çürüyən dişin absesləşməsi ola bilər. Bir qayda olaraq, əgər infeksion proses müalicə olunsa limfa vəziləri də tədricən kiçiləcəkdir.
Limfa vəzilərinin böyüməsi infeksiya mənşəli olduqda əsasən aşağıdakı əlamətlərə rast gəlinir:
- Ağrının olması;
- Son dövrlərdə limfa vəzisinin böyüməsi;
- Limfa vəzinin üzərini örtən dəridə qızarıqlıq;
- İnfeksion ocağın müəyyən edilməsi (badamcıqların iltihabı, sinuzit, diş çürüyü, yuxarı tənəffüs yolların infeksiyası, farengit, konyuktivit, diş əti infeksiyaları, dəri infeksiyaları, aşağı tənəffüs yol infeksiyaları, genital infeksiyalar və sair)
- Limfa vəzisinin müayinəsində onun yumşaq konsistensiyada olması.
Əgər limfa vəzilərinin aşağıdakı əlamətləri varsa xüsusilə diqqətli olmaq və dərhal həkimə müraciət etmək lazımdır:
- Böyümənin həftələr boyunca davam etməsi və antibiotik müalicə ilə geriyə sovrulma olmaması;
- Ağrının olmaması;
- Vəzinin sərt konsistensiyada olması;
- Bir-birinə yapışmış rezin kimi olan birdən çox vəz hiss edildikdə.
Uşaqlıq dövrü xərçəngləri arasında ən çox rast gəlinən limfomalar və leykozlar da boyun, qoltuqaltı və qasıqdakı limfa vəziləri ağrısız şəkildə böyüyür. Valideynlər diqqətli yanaşmalı, ehtiyac olduqda vaxt itirmədən hematoloqa və onkoloqa müraciət etməlidirlər.
Diaqnoz qoymaq üçün əsas geniş xəstə hekayəsi və fiziki müayinə ilə yanaşı həmçinin müxtəlif analizlər aparıla bilinər. Həkiminizin məsləhəti ilə ehtiyac olduqda ikitərəfli ağciyər rentgeni, ultrasəs müayinəsi, kompüter tomoqrafiya kimi diaqnostik müayinələr aparıla, biopsiya götürülə bilinər. Limfa düyünlərinin böyüməsi zamanı ümumi qan analizi, periferik yayma aparılmalıdır. EÇS, qaraciyər və böyrək funksiyaları öyrənilərək mikroorqanizmanın, həmçinin səbəbin müəyyən edilməsində vacibdir.
İnfeksion prosesə bağlı olan limfa vəzilərinin böyüməsində bakterial və ya viral mənşəli olmağı müəyyən edilməlidir. Bakterial mənşəli olduqda həkiminizin məsləhəti ilə antibiotik müalicəsi aparılmalıdır. Şişən limfa vəziləri həssas və ağrılı olduqda həkim məsləhəti ilə isti kompres qoyula və ağrıkəsici verilə bilinər. Virus mənşəli olduqda isə xəstəlik bitdikdə get-gedə kiçilib əvvəlki vəziyyətinə qayıdır.
Limfa vəzilərinin böyüməsi istifadə edilən dərmanlara bağlıdırsa həkimlə məsləhətləşməli və ona uyğun olaraq müalicə dəyişdirilməlidir.
Səbəb müəyyən edilə bilmirsə və limfa vəzilərin böyüməsi ilə yanaşı 1 aydan uzun müddət ölçüdə dəyişilmə hiss edilmirsə (və ya əksinə böyüyürsə), qızdırma, gecə tərləməsi və çəki itkisi kimi şikayətlərdə varsa təcili olaraq həkimə müraciət olunmalıdır.
4-6 həftə daxilində balacalaşmayan və ya 8-10 həftə daxilində yaşa görə normal ölçüyə qayıtmayan limfa vəzilərinə qarşı çox diqqətli olmaq lazımdır.
Xülasə, uşaqlarda limfa düyünlərinin böyüməsi ən çox infeksiyalardan qaynaqlanır və bir qayda olaraq müdaxilə etmədən aradan qalxır. Bununla belə, davamlı və ya qeyri-adi limfadenopatiya əlavə araşdırma tələb edən lenfoma və ya leykemiya kimi daha ciddi xəstliklərin əlamətlərindən biri kimi biruzə verə bilər. Müvafiq qayğı göstərmək və hər hansı ciddi sağlamlıq problemlərini istisna etmək üçün vaxtında diaqnoz və müşahidə vacibdir.
Nərmin Əzizova,
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı, Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının əməkdaşı