Silkələnmiş Körpə Sindromu barədə. Həkim Nərmin Əzizova
Sarsılmış (silkələnmiş) Körpə Sindromu nədir?
Sarsılmış (silkələnmiş) Körpə Sindromu körpənin şiddətli silkələnməsi nəticəsində yaranan bir sindromdur. Bu sindrom ciddi beyin travmaları ilə yanaşı, hətta ölümlə belə nəticələnə bilər. Sarsılmış (silkələnmiş) körpə sindromu zamanı beyində ödem, beyin qanamaları, kəllə sümüyünün qırılması, gözdə qanama və ölüm kimi ciddi nəticələr baş verə bilər.
5 yaşa qədər olmaqla xüsusilə 2 yaşdan aşağı olan uşaqlar arasında tez-tez müşahidə edilən bir vəziyyətdir. Fiziki istismarın xüsusi bir formasıdır. Yüngül hallarda diaqnoz qoyulması geciksə də, ağır hallarda qısa zamanda diaqnoz qoyula bilinir.
Bu sindrom niyə məhz körpələrdə rast gəlinir?
4-5 yaşından kiçik uşaqların kəllə və beyinlərinin inkişafı fərqlidir. Belə ki:
- Uşaqlarda kəllə sümükləri yumşaq və incə olur. Beyin kəllə boşluğunda daha rahat dönmə hərəkəti edə bilər;
- Baş gövdəyə görə böyükdür (bədən ağırlığının 10%-ni təşkil edir);
- Beyin tam formalaşmamışdır (mielinazisiya tamamlanmayıb və sair);
- Boyun əzələləri zəifdir. Nəticədə, silkələnmə vaxtı başın həddindən çox hərəkəti mümkündür. Ona görə də zədələnməyə çox meyillidir. Əgər körpə ciddi şəkildə silkələnibsə, həssas beyin kəllə sümükləri içində önə doğru geri silkələnir və bu da göyərməyə, şişməyə və qanamaya səbəb ola bilir.
Sarsılmış (silkələnmiş) Körpə Sindromunun yaranması
Sadə yolla desək, uşaqlarda bu sindrom çox kəskin silkələnmə nəticəsində yaranır. ABŞ-da və Avropada bu sindrom çox yaxşı bilinsə də, ölkəmizdə bir o qədər də tam dəqiq bilinmir.
Xüsusən ilk 6 ayda yenidoğulan körpənin qaz sancıları kimi səbəblərlə çox tez-tez ağlaması nəticəsində valideynlərin və ya uşaq baxıcılarının (dayələrin) səbrdən çıxmaları müşahidə edilir. Valideynlərin çox təcrübəsiz və çox gənc yaşda olması, analarda müşahidə edilən doğumdan sonrakı depressiyalar və ya ana-atanın uşaq dövründə şiddətə məruz qalması kimi çoxlu səbəblər də bu sindromun yaranmasına səbəb ola bilər.
Sarsılmış (silkələnmiş) Körpə Sindromu həmişə istismar nəticəsində müşahidə edilmir. Nə qədər “körpə əylənir” kimi görünsə də, körpəni havaya atıb tutmaq belə sarsılmış (silkələnmiş) körpə sindromu ilə nəticələnə bilər.
Sarsılmış (silkələnmiş) Körpə Sindromunun əlamətləri aşağıdakılardır:
- Bədəndə titrəmələr;
- Oyaq qalmaqda çətinlik çəkmək;
- Qusma;
- İştahanın pozulması;
- Dəri rəngində pozulma;
- Tənəffüsdə çətinlik;
- Qıcolma tutmaları;
- Koma;
- İflic;
- Görmə itkisi.
Həkimlər 3 klinik əlaməti – subdural və ya subaraxnoidal qanamanı, retinal qanamanı, həmçinin xarici müayinə zamanı başda heç bir yaralanma əlamətinin olmamasını (və yaxud ya da çox az olması) müşahidə etdikdə sarsılmış (silkələnmiş) körpə sindromu diaqnozunun qoyulması barədə düşünməlidirlər.
Diaqnozun təsdiqlənməsi
MRT, KT, göz müayinəsi edərək və ya rentgen çəkərək diaqnozu təsdiqləmək mümkündür. Bu zaman qan analizinin alınması mütləqdir. Çunki, sarsılmış (silkələnmiş) körpə sindromunun əlamətləri “ostegenezis imperfecta” ilə oxşardır. Ona görə bu xəstəlik inkar olunmalıdır.
Sarsılmış (silkələnmiş) Körpə Sindromunun yüngül olduğu hallarda ilk vaxtlar bu əlamətlər rastlanmaya bilər. Amma, zamanla körpədə bu əlamətlər get-gedə özünü büruzə verə bilər. Xüsusən daha çox silkələnməyə məruz qaldıqdan bilavasitə sonra deyil, bir müddət sonra ortaya çıxır. Ona görə ailələr şikayətlər arasında “heç bir şeyi yox idi, qəfil ortaya çıxdı” kimi ifadələr işlədirlər.
Sarsılmış (silkələnmiş) Körpə Sindromunu yarada biləcək digər vəziyyətlər aşağıdakılardır:
- Körpə ya da kiçik yaşlı uşaqla oynamaq məqsədi ilə uşağı üst üstə havaya sərt atıb tutmaq;
- Uşağın beldə və ya kürəkdə daşıyarkən tez-tez tullanma hərəkətlərini etmək;
- Uşaq böyüklərin dizində ya da ayağında oturarkən tullandırmaq ya da uşaqla ata minmək;
- Ayaq biləklərindən tutub uşağı havada fırlatmaq;
- Uşağın qollarından tutaraq öz ətrafında fırlatmaq;
- Ağlama tutması zamanı uşağı şiddətli ayaqda silkələmək.
Sarsılmış (silkələnmiş) Körpə Sindromunun yaratdığı zədələr
- Baş-beyin silkələnməsi;
- Onurğanın zədələnməsi və iflic;
- Korluq və ya görmə pozğunluğu;
- Normal inkişafda gecikmə, motor inkişafda problem;
- Sümüklərdə qırıqlar və ya çıxmalar;
- Əqli gerilik.
Sarsılmış (silkələnmiş) Körpə Sindromu necə müəyyən edilir?
Beyin və göz altı qanamalar ən vacib əlamətdir. Sarsılmış (silkələnmiş) Körpə Sindromu olan körpələr, kəllədaxili təzyiq artmasına bağlı olaraq apnoe, qıcolmalar ya da koma halında xəstəxanaya gətirilirlər. Kəllədaxili təzyiq artması, beyin ödeminə və müalicənin gec başlamasına bağlı ola bilir. Silkələnmə nəticəsində meydana gəldiyi üçün böyük ehtimalla kəllə sümük qırığı ya da travmaya aid əlamətlər müşahidə edilməyəcəkdir. Ona görə körpənin travma aldığına dair məlumatın düzgün verilməsi çox vacibdir.
Sarsılmış (silkələnmiş) Körpə Sindromunun müalicəsi
Dəqiq müalicə üsulu yoxdur. Bəzi hallarda cərrahlar beyin qanamalarında müdaxilə edə bilərlər.
Sarsılmış Körpə Sindromu haqqında onun səbəbləri, nəticələri və məlumatlılığın əhəmiyyətinə diqqət yetirən beş güclü arqument:
Ağır və Daimi Beyin Zədəsi: Sarsılmış Körpə Sindromu körpənin beyninin əhəmiyyətli zədələnməsinə, uzunmüddətli əlilliyə və hətta ölümə səbəb ola bilər. Körpə sarsıdılan zaman onun kövrək beyni kəllə sümüyünün içərisində şiddətlə hərəkət edir, nəticədə beyin şişir, qanaxma və göyərmə əmələ gəlir. Zədənin şiddəti inkişaf gecikmələri, iflic, qıcolmalar və ya fiziki qüsurlara səbəb ola bilər.
Günahsız Qurbanlar: Körpələr və körpələr boyun əzələləri və yumşaq kəllə sümükləri inkişaf etmədiyi üçün Sarsılmış Körpə Sindromuna xüsusilə həssasdırlar. Onların beyinləri tam qorunmur və şiddətli sarsıntılara daha həssasdır. Yaşlı uşaqlardan və ya böyüklərdən fərqli olaraq, körpələr özlərini müdafiə edə və ya ağrılarını çatdıra bilməzlər, bu da onları sarsıtdıqda ciddi zərərlərə daha çox meyllidir.
Görünən əlamətlər yoxdur: Xarici fiziki zorakılıqdan fərqli olaraq, Sarsılmış Körpə Sindromunun əlamətləri çox vaxt daxili xarakter daşıyır və dərhal aşkarlanması çətin ola bilər. Körpədə göyərmə və ya xarici yaralar görünməyə bilər, bu da baxıcıların zədənin şiddətini tanımasını çətinləşdirə bilər. Retinal qanaxmalar, beyin qanaxmaları və sınıq sümüklər kimi daxili xəsarətlər lazımi tibbi müayinə olmadan diqqətdən kənarda qala bilər, müalicəni gecikdirir və qalıcı zədələnmə riskini artırır.
Təhsil və dəstək yolu ilə qarşısının alınması: Bir qayda olaraq Sarsılmış Körpə Sindromu əsəbiləşmiş və ya hədsiz qayğı göstərənlər nəticəsində yaranır. Valideynləri, baxıcıları və uşaq baxıcılarını sarsıntının təhlükələri haqqında maarifləndirmək, stress əlamətlərini tanımaq və ağlamaq və ya yuxusuzluqla mübarizə aparmaq üçün resurslar təklif etmək Sarsılmış Körpə Sindromu hallarını əhəmiyyətli dərəcədə azalda bilər. İctimai maarifləndirmə kampaniyaları mədəni münasibətləri daha sağlam, qeyri-zorakı üsullarla körpə qayğısına çevirməyə kömək edə bilər.
Hüquqi və Etik Məsuliyyət: Körpəni silkələmək təkcə bir sui-istifadə forması deyil, həm də bir çox yurisdiksiyalarda cinayət əməlidir. Körpələri titrəyərək zədələyənlər ciddi hüquqi nəticələrlə üzləşə bilər. Hüquqi məsuliyyət həssas uşaqların zərərdən qorunmasının vacibliyini vurğulayır və fərdləri onların hərəkətlərinə görə məsuliyyət daşıyır. Etik məsuliyyət isə cəmiyyətin ən müdafiəsiz üzvlərini qorumağa, uşaqların təhlükəsiz mühitlərdə böyüməsini təmin etməyə çağırır.
Məsləhətlər:
Uşaqlar, xüsusən 2 yaşdan aşağı olanları silkələməyə yol vermək olmaz;
Körpəni daşıyarkən mütləq olaraq başından dəstək verilməlidir;
Körpənizlə məşğul olacaq hər kəsi silkələnmiş körpə sindromundan məlumatlandırmalısınız. Bunlara uşağın dayələri, qohumları və sair şəxslər aiddir.
Bütün körpələr həyatın ilk illərində çox tez-tez ağlayırlar. Bunu bilməlisiz və əsəblərinizi cilovlamağı bacarmalısınız. Əgər əsəblərinizi cilovlaya bilmirsənizsə onda körpəni beşiyində qoyun və özünüz sakitləşənə qədər ondan uzaq durun.
Əgər körpəni bilərək ya da istəmədən silkələyibsinizsə, qorxmadan və utanmadan ən qısa zamanda tibbi müəssisəyə müarciət edin. Zamanında olunan müdaxilə körpəni yarana biləcək sağlamlıq problemlərdən qoruyacaqdır.
Nərmin Əzizova, Pediatriya.az saytının təsisçisi