Qızdırma ilə bağlı qıcolmalar barədə vacib məlumatlar: sual & cavablar. Həkim Nərmin Əzizova

Uşağınız qızdırma zamanı qıcolma keçirə bilər. Bu vəziyyət valideynlər üçün çox qorxulu görünsə də, qızdırma ilə bağlı qıcolmalar adətən uşağa qalıcı zərər vermir. Aşağıda bu vəziyyətlə bağlı əsas məqamları təqdim edirik. Daha ətraflı məlumat üçün uşağınızın həkimi ilə məsləhətləşməyiniz tövsiyə olunur.
Qızdırma ilə bağlı qıcolma nədir?
Qıcolma beyindəki ani və anormal elektrik aktivliyi nəticəsində yaranan, idarəolunmayan qısa müddətli hərəkətlərdir. Əgər bu hal qızdırma zamanı baş verirsə, buna qızdırma ilə bağlı qıcolma deyilir. Əsasən 6 ay – 6 yaş arası uşaqlarda, xüsusilə də 18-ci ayda müşahidə olunur. Qıcolmalar adətən 1-5 dəqiqə davam edir və çox zaman uşaqlarda infeksion xəstəliklərə bağlı qızdırma fonunda meydana çıxır.
Qızdırma ilə bağlı qıcolma zamanı nələr müşahidə olunur?
Uşaqda əllər və ayaqlarda şiddətli əsmə, gözlərin bir nöqtəyə sabit baxması kimi hallar baş verə bilər. Bəzən bu hərəkətlər bədənin yalnız bir tərəfində müşahidə oluna bilər.
Hər uşaqda qızdırma ilə bağlı qıcolma ola bilərmi?
Bəli. Hər 100 uşaqdan 3-5-i həyatının bir mərhələsində bu vəziyyəti yaşayır. Onlardan 30%-ində qıcolma sonradan yenidən təkrarlana bilər. Bu halların çoxunda ailə anamnezində (valideynlərdə) də uşaqlıq dövründə oxşar hallar müşahidə olunmuş olur.
Qıcolma hansı xəstəliklər zamanı daha çox olur?
Bütün qızdırmalı infeksiyalar zamanı rast gəlinə bilər. Ancaq, menengit kimi ciddi xəstəliklər istisna olunmalıdır, xüsusilə 1 yaşdan kiçik uşaqlarda. Lazım gələrsə, beyin-onurğa mayesinin analizi aparılmalıdır.
Qıcolma zamanı valideyn nə etməlidir?
- Sakit olun, təlaş etməyin.
- Uşağı yan tərəfə çevirin, ağız ifrazatının tənəffüs yollarına düşməsinin qarşısını alın.
- Paltarlarını boşaldın, boyun bölgəsi açıq olsun.
- Baş altına yumşaq dəstək (əl və ya yastıq) qoyun.
- Ağzını açmağa çalışmayın, heç bir əşya (barmaq, qaşıq) qoymayın.
- Bu anda qızdırmasalıcı verməyin, ilıq duş da təsir etməz.
- Qıcolmanın müddətini izləyin, imkan varsa saatla qeydə alın.
- Əgər həkiminiz rektal diazepam təyin edibsə, müvafiq dozanı istifadə edin və dərhal həkimə müraciət edin.
Qıcolmadan sonra nələr müşahidə olunur?
Uşaq qıcolmadan sonra yuxuya meyilli və dalğın ola bilər. Bu normaldır. Ancaq ona yemək və ya dərman verməzdən əvvəl tam oyanmasına əmin olun.
Qızdırmasalıcı ilə qıcolmaların qarşısı alınırmı?
Qızdırmanın aşağı salınması, qıcolmanın baş verməyəcəyi demək deyil. Əksər hallarda qıcolma, qızdırmanın ilk yüksəlmə mərhələsində baş verir və bu zaman qızdırma hələ valideynə məlum olmaya bilər.
Qızdırmanı necə aşağı salmaq olar?
Uşağın bədən istiliyini hiss etdikdə, termometrlə ölçün. Əgər qızdırma varsa, qalın geyimlərini çıxarın və həkiminizin təyin etdiyi qızdırmasalıcı dərmanı verin. Qızdırma barədə ətraflı məlumat üçün Pediatriya.az saytına baxa bilərsiniz.
Bu qıcolmalar epilepsiyaya səbəb ola bilərmi?
Əksər hallarda xeyr. Qızdırmaya bağlı qıcolma keçirən 100 uşaqdan yalnız 5-də gələcəkdə epilepsiya inkişaf edə bilər.
Beyinə zərər verə bilərmi?
Araşdırmalar göstərir ki, qısa müddətli (5 dəqiqədən az) qızdırmaya bağlı qıcolmalar beyinə qalıcı zərər vermir. Ancaq, 30 dəqiqədən uzun və tez-tez təkrarlanan qıcolmalarda epilepsiya riski arta bilər.
EEQ və tomoqrafiya çəkilməsinə ehtiyac varmı?
Sadə və tipik qızdırma ilə bağlı qıcolma hallarında EEQ və ya tomoqrafiya tələb olunmur. Həkiminiz şübhəli vəziyyətlərdə bu müayinələri istəyə bilər.
Qarşısını almaq üçün dərman istifadə olunurmu?
Qızdırmaya bağlı hər qıcolma üçün müntəzəm dərman müalicəsi lazım deyil. Ancaq, xüsusi hallarda həkiminiz qoruyucu müalicə təyin edə bilər.
Xüsusi tövsiyə
Uşağınızı infeksiyalardan qorumaq üçün ilk 6 ay sadəcə ana südü ilə qidalandırın. Həmçinin, peyvəndlərini vaxtında etdirməyi unutmayın.
Nərmin ƏZİZOVA,
Pediatriya.az saytının təsisçisi