Qış aylarında uşaqları qripdən necə qorumaq olar?

Bakı. 18 yanvar. REPORT.AZ/ “Qış ayı olduğundan kəskin respirator virus infeksiyalarının yayılması daha çox körpələr arasında özünü göstərir. Çünki uşaqların xəstəliyə müqaviməti körpələrə nisbətən güclüdür. Bu gün uşaqlar arasında hər hansı ağırlaşma hallarına rast gəlinməyib”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının pediatrı, Uşaq xəstəlikləri kafedrasının dosenti Ülviyyə Hacıyeva deyib.

Onun sözlərinə görə, son günlər azyaşlılar arasında kəskin respirator virus infeksiyalarının yayılması hallarında artım qeydə alınıb: “Bu da normaldır və qış mövsümündə havaların kəskin dəyişməsi müşahidə olunur. Ölkədə heç bir təhlükəli hal yoxdur, hər şey qaydasındadır. Adətən, payız-qış mövsümündə uşaqlar arasında kəskin respirator virus infeksiyaları müşahidə olunur. Təbii ki, bu infeksiyaların da müəyyən növləri var. Biz onların hansı növ infeksiya olduğunu yalnız müayinə nəticəsində bilirik. İlk növbədə, xəstə izolyasiya olunmalı, yəni insanların sıx olduqları yerlərdən uzaq tutulmalıdırlar. Bununla da xəstəliyin daha çox yayılmasının qarşısını almaq olar. Eyni zamanda özünü müalicə üsulundan uzaq durmaq və vaxtında həkimə müraciət etmək lazımdır. Çünki bəzən uşaq həkimə gecikmə ilə gətirilir. Bu da ciddi fəsadlara səbəb olur. Virusun özü müxtəlif orqanlara ağırlaşmalar verir”.

Pediatr bildirib ki, hər virusun özünün zədələyici gediş xüsusiyyəti var: “Hər bir xəstəyə fərdi yanaşılmalıdır. Ən əsası, çoxlu maye qəbulu məsləhətdir. Uşağı məcburi qidalandırmaq düzgün deyil. Əgər xəstənin temperaturu 38 dərəcə və artıqdırsa, hərarətsalıcı preparatlardan istifadə edilə bilər. Daha sonra isə həkim çağırmaq lazımdır. 38 dərəcədən aşağı qızdırma zamanı dərman vermək olmaz. Daha çox qıc olması olan uşaqlara diqqət yetirilməlidir”.

Həkim deyib ki, valideynlər antibiotikdən özbaşına istifadə etməməlidirlər: “Virusun ilk günlərində, ümumiyyətlə, antibiotik işlətmək olmaz. Bu da xəstəliyin daha da ağırlaşmasına gətirib çıxara bilər. Yalnız həkimin göstərişindən sonra xəstə uşağa antibiotik vurula bilər. Çünki antibiotik başqa orqanlara bakterial ağırlaşma verə bilər. Xüsusilə də iki yaşa qədər körpələrdə hər hansı xəstəlik müşahidə edilsə, dərhal həkimə müraciət edilməlidir”.

Mütəxəssis vurğulayıb ki, uşaqlar qızdırmalı olarkən onların üstünü qalın örtmək düzgün deyil: “İki cür qızdırma – qırmızı və ağ növü var. Ağ qızdırma daha təhlükəlidir. Qırmızı qızdırma zamanı əllər və alın isti olur. Bəzən valideynlər bu dövrü ötürür və əllər, ayaqlar buzlamağa başlayır. Bu da ağ qızdırmaya, yəni gecikmiş dövrə keçir. Valideynlərə məsləhət görərdim ki, uşaqlarının davranışında fərqlilik hiss edən kimi, ilk növbədə, hərarəti ölçsünlər. Bunu da konkret olaraq termometrlə ölçmək vacibdir”.

Ü.Hacıyeva həmçinin ötən gün sosial şəbəkələrdə “donuz qripi” virusunun hava ilə uşaqlara yoluxdurulması barədə yayılan səs yazısına da münasibət bildirib: “Bu yanaşma heç bir məntiqə uyğun deyil. Ümumiyyətlə, hava ilə virusun yayılmasını lokallaşdırmaq olmaz. Bu, sadəcə, gülünc fikirdir”.