Ölkədə epidemioloji vəziyyət norma həddindədir

Son illərdə ölkəmizdə yoluxucu xəstəliklərin profilaktikası və onlara qarşı mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı və təsirli tədbirlər nəticəsində davamlı epidemioloji sabitlik təmin edilib. Belə ki, hazırda Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da 11 yoluxucu xəstəliyə (qızılca, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus və s.) qarşı vaksinasiya aparılır, ölkədəki bütün uşaqları əhatə edən planlı peyvənd tədbirləri həyata keçirilir. Son illərdə isə B hepatiti və pnevmokok əleyhinə vaksinləşdirmə tətbiq edilməyə başlanıb. Ölkədəki bütün uşaqların 95-97 faizini əhatə edən planlı peyvənd tədbirləri və immunlaşdırma işlərinin daim təkmilləşdirilməsi nəticəsində immun profilaktikası vasitəsilə idarə edilə bilən yoluxucu xəstəliklərin azaldılması sahəsində sabit dinamika əldə edilib.

AZƏRTAC xəbər verir ki, bu məlumatlar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) 2017-ci ilin 11 ayı ərzində fəaliyyətinin yekunlarına həsr edilmiş mətbuat konfransında açıqlanıb.

Tədbirdə çıxış edənlər – RGEM-in baş direktoru vəzifəsini icra edən İmran Abdullayev, baş direktorun müavinləri Afaq Əliyeva və Anaxanım Əliyeva, Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov vurğulayıblar ki, Azərbaycanda yoluxucu xəstəliklərin profilaktikası sahəsində mühüm iş aparılır və yoluxucu xəstəliklərə qarşı mübarizə dövlətimizin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biridir.

Qeyd edilib ki, son illərdə ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə bu sahədə mühüm tədbirlər görülüb. Məsələn, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” uşaqlar arasında ölüm və xəstəlik hallarının səviyyəsinin azaldılmasına yönəlmiş mühüm sənəddir.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ölkəmizdə 1995-ci ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2013-cü ildən qızılca , 2014-cü ildən göyöskürək və 2016-cı ildən epidemik parotit xəstəlikləri müşahidə olunmur.

Bundan əlavə, 2016-cı ilin aprel ayından ölkəmizin bütün şəhər və rayonlarında üçvalentli OPV vaksininin istifadəsi dayandırılıb və onun əvəzinə ikivalentli OPV vaksini tətbiq edilməyə başlanıb.

2017-2018-ci illərin payız-qış mövsümünün başlanması ilə əlaqədar respirator infeksiyalarına və qripə qarşı görülən profilaktik tədbirlər, habelə epidemioloji monitorinq barədə də məlumat verilib. Bildirilib ki, yuxarı tənəffüs yollarının infeksiyaları ilə əlaqədar respublikanın müalicə-profilaktika müəssisələrinə müraciətlərin sayı 10 faiz azalıb. Cari ilin yanvar-noyabr aylarında ölkə əhalisi arasında qida zəhərlənməsi ilə əlaqədar 561 hadisə və Sibir xorasına yoluxma ilə əlaqədar altı hadisə qeydə alınıb. Mərkəzin virusologiya laboratoriyasında aparılmış son tədqiqatların nəticələri göstərir ki, ölkədə epidemioloji vəziyyət norma həddindədir.

Mətbuat konfransında vurğulanıb ki, Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu Azərbaycan səhiyyəsinin yoluxucu xəstəliklərin kökünün kəsilməsi sahəsində qazandığı uğurları xüsusi qeyd edib.

 

AZƏRTAC