Hamiləliyə və doğuşa görə məzuniyyətlər (YAZI 2)
Hörmətli Pediatriya.az saytının izləyiciləri,
Bu dəfəki yazımızda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sual-cavab formatında hamiləliyə və doğuşa görə məzuniyyətlər barədə məlumatlar verəcəyik.
Sual: Hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti nə qədərdir?
Cavab: Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. (Maddə 125)
Sual: Bu qayda kənd təsərrüfatı istehsalında çalışan qadınlara da şamil olunur?
Cavab: Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir: a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü); b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü); c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü). (Maddə 125)
Sual: Bəs əgər uşağı övladlığa götürsə qadın, o zaman həmin qadının sosial məzuniyyət çıxmağa hüquq vardır?
Cavab: Bəli vardır. İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin bu Məcəllənin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə və 127-ci maddəsində nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. (Maddə 126)
Sual: Uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü sosial məzuniyyətə çıxmaq mümkündür?
Cavab: Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. (Maddə 127)
Sual: Bəs mümkündürmü ki, işçi yuxarıda qeyd edilən məzuniyyətdən hissə-hissə istifadə etsin?
Cavab: Bəli, mümkündür. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. (Maddə 127)
Sual: İşimin birinci ilidir. Hamiləyəm. Qanunla müəyyən edilmiş vaxtda və müddətdə hamiləliyə və doğuşa görə sosial məzuniyyətə çıxmaq hüququndan istifadə etməyi nəzərdə tuturam. Bəs belə olan halda mən əmək məzuniyyətindən də istifadə edə bilərəm?
Cavab: Bəli, istifadə edə bilərsiniz. Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən yeddi kateqoriyada olan işçinin istifadə etmək hüququ vardır. Həmin kateqoriyaya hamilə qadınlar da daxildirlər. Həmin şəxslər hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra əmək məzuniyyətindən istifadə edə bilərlər. (Maddə 131)