Uşaqlarda Gecə Yerini İslatmalar (Enürezis Nokturna): Səbəbləri və Həll Yolları. Həkim Nərmin Əzizova

Gecə yerini islatma uşaqlarda ən çox rast gəlinən problemlərdən biridir. Əgər 5 yaşdan yuxarı uşaq gecə sidiyini saxlaya bilmirsə və yerini isladırsa, bu vəziyyət tibbi dildə enürezis nokturna adlanır. Əksər hallarda sinir sisteminin inkişafının tam formalaşmaması ilə əlaqədardır.

  • 5 yaşında uşaqların təxminən 15%-i bu problemi yaşayır.
  • 15 yaşında isə bu göstərici 1%-ə qədər azalır.

Enürezis Nokturnanın Növləri

Enürezis nokturna iki əsas qrupa bölünür:

  1. Monosimptomatik Enürezis Nokturna:
    Yalnız gecə vaxtı yerini islatma ilə xarakterizə olunur. Gündüz saatlarında heç bir problem yaşanmır.
  2. Non-Monosimptomatik Enürezis Nokturna:
    Gecə islatma ilə yanaşı, gündüz saatlarında da sidik saxlamaqda çətinliklər, qəfil sıxılma hissi, alt paltara qaçırma və xroniki qəbizlik müşahidə olunur.

Bu bölgülər müalicə üçün vacibdir, çünki hər iki növ fərqli yanaşmalar tələb edir.

Enürezis Nokturnanın səbəbləri

Gecə yerini islatmanın əsas səbəbləri aşağıdakılardır:

  1. Oyanma Problemi:
    Uşaq sidik kisəsinin dolduğunu hiss etmir və ya hiss etsə də, yuxudan oyanmır. Adətən, yataq islanandan sonra uşaqlar bunu dərk edir.
  2. Sidik Kisəsinin Funksional Problemi:
    Sidik kisəsinin tutumunun az olması və ya gecə saatlarında daha aktiv işləməsi.
  3. Gecə Sidik Yaranmasının Artması:
    Yatmadan əvvəl çox maye qəbul edilməsi və ya antidiuretik hormon (ADH) ifrazının azalması ilə əlaqədardır.

Valideynlər nə etməlidir?

Uşağınızda gecə islatma müşahidə edirsinizsə, aşağıdakı məsləhətlərə diqqət yetirin:

  • Yatmazdan 2 saat əvvəl maye qəbulunu azaldın.
  • Yatmazdan öncə və yuxuya getdikdən 2 saat sonra uşağı oyadıb tualetə aparın.
  • Axşam saatlarında duzlu qidalardan uzaq durun.
  • Qəbizlik varsa, bu problemin həllinə diqqət yetirin:
    • Liflə zəngin qidalarla qidalanma,
    • Yeməkdən sonra nizamlı tualet vərdişi formalaşdırın.
  • Uğurlu gecələrdə uşağı mükafatlandırın. Bu, uşağın motivasiyasını artırar.

Müalicə yolları

Əgər bu problem uzun müddət davam edirsə və ailə üçün çətinlik yaradırsa, mütləq mütəxəssisə müraciət edilməlidir. Müalicə seçimləri:

  1. Dərman müalicəsi
  2. Siqnal Metodu (Enurez Alarm):
    Uşaq sidik qaçırmağa başladığı an siqnal verən cihaz.
    Təxminən 80% effektivdir və dərmanla müalicəyə nisbətən problemin təkrarlanma riski daha azdır.

Unutmayın: Enürezis nokturna həm uşağın psixoloji vəziyyətinə, həm də ailə həyatına təsir edə bilər. Valideynlərin diqqətli və anlayışlı yanaşması vacibdir. Uşağı danlamaq və ya utandırmaq problemin həllinə kömək etməz. Dəstək göstərmək, anlayışla yanaşmaq və doğru metodlarla müalicə aparmaq, bu problemin həllində əsas açardır.

Nərmin Əzizova, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertanı, Azərbaycan Tib Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının əməkdaşı, Pediatriya.az saytının təsisçisi