Professor Kübra Fərəcova: Azərbaycan pediatriyasının qurucularından biri
![]()
Kübra Yəhya qızı Fərəcova 1907-ci il may ayının 16-da Quba şəhərində anadan olmuşdur. İlk təhsilini Bakıda almış, sonra isə 1929–1933-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutu-nu bitirərək həkim ixtisasına yiyələnmişdir.
1931–1979-cu illərdə müxtəlif məsul vəzifələrdə çalışmışdır. O, Kürdəmir qız məktəbində təşkilatçı və müəllim kimi fəaliyyət göstərmiş, daha sonra Azərbaycan SSR Xalq Səhiyyə Komissarının müavini və komissarı olmuşdur. Böyük Vətən müharibəsi illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında işləmişdir. 1943–1947-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1947–1950-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri vəzifəsində çalışmışdır.

1950–1979-cu illərdə N.K. Krupskaya adına Ana və Uşaq Mühafizəsi İnstitutuna rəhbərlik etmiş, ana və uşaq sağlamlığının qorunması sahəsində mühüm elmi və təşkilati işlər aparmışdır. Onun elmi tədqiqatları əsasən uşaqların fiziki inkişafı, ana və uşaqların mühafizəsi problemlərinə həsr olunmuşdur. Kübra Fərəcova 1970-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi almış, 1971-ci ildə professor adına layiq görülmüşdür. O, 120-dən artıq elmi məqalə və metodik vəsaitin müəllifi olmuş, Azərbaycan pediatriya elminin formalaşmasında mühüm rol oynamışdır.
Kübra Fərəcova SSRİ Ali Sovetinin (II çağırış), Azərbaycan SSR Ali Sovetinin (II–III çağırış) deputatı olmuş, elmi kadrların hazırlanmasına böyük töhfə vermişdir. Xidmətlərinə görə “Azərbaycan SSR əməkdar həkimi” fəxri adına (1960) layiq görülmüş, “Səhiyyə əlaçısı” döş nişanı (1964), “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir.
Kübra Fərəcova 17 mart 1986-cı ildə Bakı şəhərində vəfat etmişdir.
Bu gün Azərbaycan Elmi-Tədqiqat Pediatriya İnstitutu onun adını daşıyır və ana-uşaq sağlamlığının qorunması sahəsində ölkənin aparıcı elmi-tibbi mərkəzlərindən biri kimi fəaliyyət göstərir.