skip to Main Content
“Pişik Cırmağı” Xəstəliyi Nədir?

“Pişik cırmağı” xəstəliyi nədir?

Adından da görüldüyü kimi “Pişik cırmağı” xəstəliyi pişiklərin cırmağı nəticəsində yoluxa bilən infeksion bir xəstəlikdir. Bu xəstəlik pişiyin təkcə cırmalaqması ilə deyil, pişiyin dişləməsi, pişik bitləri və gənələr tərəfindən də yoluxula bilinər.

Xüsusilə bu tip şikayətlər yay aylarında daha çox görülür. 5-14 yaş arası yaş qrupunda daha çox rast gəlinir. Əslində bu bir bakterial infeksion xəstəlikdir. Pişik cırmağı xəstəliyinə “Bartonella Henselae” adlı bakteriyalar səbəb olur. Bu xəstəliyi yoluxduran pişiklərin əksəriyyəti sağlam görünürlər. Pişiklərin 40%-i həyatları zamanı bu bakteriyaların daşıyıcıları olsalar da, onların xəstəliklərinin heç bir klinik əlaməti özünü büruzə vermir. Bala pişiklər arasında daha çox rast gəlinir. Ən çox infeksiyalaşmış sahələr pişiyin çirkli dırnaqları və dişləri hesab edilir.

Xəstəliyin əlamətləri: Pişiyin cırması və ya dişləməsindən sonra infeksiyanın inkişafına xəstənin yaşı, yaranın tipi və yeri, müalicəyə başlama vaxtı təsir edən faktorlar arasında əsas yeri tutur.  Pişiyin cırması və ya dişləməsindən təqribi 3- 14 gün ərzində zədələnən sahədə dəri toxumasında qabarıqlaşma və içərisi irinlə dolu şişkinliklər görülə bilər . Dəridə görülən bu əlamətlər əsasən 1-3 həftə davam edə bilər. Dəridəki bu əlamətlərdən sonra, pişik cırmaladığı tərəfdə limfa vəzilərinin böyüməsi müşahidə olunur. Əsasən qoltuq altında, boynunda və ya qasıqda limfa vəzilərində şişkinlik və ya ağrı olur. Bu şişkinlik aylar, bəzən də 1-2 ilə qədər də davam edə bilər. Hətta bu şişliklərdən bəzən axıntı da ola bilər.

“Pişik cırmağı”xəstəliyi bir sıra klinik əlamətlərlə özünü büruzə verə bilər. Bu əlamətlər aşağıdakılardır:

  • Qızdırma
  • Halsızlıq, yorğunluq
  • Çəki itkisi
  • Dəridə qabarıqlıq, qızartı olur
  • Dalaqda böyümə (splenomeqaliya)
  • Yayılmış əzələ və oynaq ağrıları
  • Baş ağrısı
  • İştahsızlıq
  • Qulağın ön tərəfində limfa vəzilərində şişlik ilə konyuktivit

 

 

“Pişik cırmağı”xəstəliyi nadir hallarda ağırlaşmalara da səbəb ola bilər. Bunlar aşağıdakılardır.

  • Artrit, sinovit
  • Menengit inkişaf edə bilər. Hətta bəzən qıcolmalar, danışma pozğunluqlarına, ifliclərə səbəb ola bilər.
  • Hətta bəzən endokarditə (ürəyin daxili qişasının iltihabı) səbəb ola bilər. Bununla əlaqədar olaraq ürək qapaqlarında da problem yarana bilər.
  • Hətta bəzən osteomielitə də səbəb ola bilər.

 

“Pişik cırmağı” xəstəliyində diaqnoz serolojik testlərlə və PCR ilə qoyulur.

Müalicəsi:

1 yaşdan kiçik olan uşaqlar bu infeksiyaya qarşı daha da həssasdılar. Xüsusən 5 yaşdan kiçik olan uşaqlar və immun sistemi zəif olan insanlara müalicə zamanı diqqətli yanaşılmalıdır. “Pişik cırmağı”xəstəliyi, immun sistemi sağlam olan adamlarda heç bir müalicə edilmədən 2-6 həftə içində sağalır. Pişik cızıqlarını sabunla və axan su ilə yuyun. Yaranın və ətrafının tam təmizləndiyinə əmin onun. Pişiklərin yaralarınızı yalamağa icazə verməyin. Ağrılı limfa vəziləri ola biləcəyindən ağrı kəsicilər istifadə oluna bilinər.

Yaranın yüksək vəziyyətdə saxlanması ödemin inkişafının azaldığının göstəricisidir. Bütün uşaqların peyvənd cədvəlinə diqqətlə baxılıb və kontrol edilməlidir. Xüsusən difteriya- göy öskürək- tetanus peyvədinin bütün dozların tam edildiyinə əmin olunmaldır.

Qızdırma (əsasən 38.9⁰ C keçərsə) və böyük limfa vəziləri olan uşaqlara antibiotik başlanıla bilinər. Limfa vəziləri şişkinlikləri uzun müddət davam edərsə, bu şişkinliklər əməliyyat ilə çıxarıla bilər.

Müalicə immun sistemindən və xəstəliyin vəziyyətindən aslı olaraq həkim tərəfindən müəyyənləşdirilir.

Pediatrdan tövsiyyə olaraq bildirmək istəyirik ki, övladlarınızın pişiklərlə oynayan zaman diqqətli olsunlar. Xüsusən bala pişiklər daha çox cızmağa meyilli olurlar. 1yaş altı uşaqların pişiklərlə oynaması məqsədə uyğun sayılmır. Uşaqların pişiklərlə təmasdan sonra əllərini yuyun. Peyvəndlərinizi vaxtlı vaxtınızda etdirməyə çalışın.

Dr. Nərmin Əzizova

Phd Uzman Dr. Əli Quliyev

error: Müəllif hüquqlarının qorunması məqsədi ilə sağ klik deaktiv edilmişdir.
Back To Top