skip to Main Content
D Vitamini çatışmazlığı

D vitamini çatışmazlığı

Ölkəmizin günəşlə zəngin olmasına baxmayaraq, əhali arasında xüsusilə körpələrdə, yeniyetməlik dövründə olan uşaqlarda və hamilə qadınlarda D vitamini çatışmazlığı müşahidə edilir.Son illərdə D vitamininin profilaktik qəbulu bir çox ölkədə əsas sağlamlıq meyarlarından birinə çevrilmişdir.

İnkişaf etməkdə olan ölkələrdə D vitamini çatışmazlığı və raxit xəstəliyi hər zaman aktual olan sağlamlıq problemidir. ABŞ və Avropa ölkələrində uşaqlar arasında,xüsusilə bəzi etnik qruplarda raxit xəstəliyinə rastgəlmə tezliyinin artması bu problemi yenidən aktuallaşdırmışdır. Səhiyyədə olan inkişaflara və həkimlərin uşaqlara profilaktik olaraq D vitaminin istifadəsini məsləhət görmələrinə baxmayaraq, hələ də 0- 3 yaş qrupu uşaqlar arasında 6% hallarda raxitlik müşahidə edilir. Amma, qeyd etmək lazımdır ki, D vitamini çatışmazlığında uşaq aktiv raxit xəstəsi olmasa belə başqa zərərli nəticələri də görülə bilər.

D vitaminin vəzifəsi nədir?

Son illərdə D vitaminin bədənimizdə sadəcə sümük sisteminin inkişafında deyil, digər orqan və sistemlərə də birbaşa və dolayı yolla təsir etdiyi öyrənilmişdir. Aktiv D vitaminin əsas vəzifəsi orqanizmdə Ca (kalsium) və P (fosforun) sorulmasını təmin edərək PTH (parathormon) ilə birlikdə orqanizmanın Ca/P nisbətini qoruyur. Vitamin D yoxluğunda Ca sorulması 10-15% olduğu halda ,  Vitamin D-nin təsirindən 30-80% ə qədər sorulma səviyyəsi qalxır.

D vitamini ilə zəngin olan qidalar hansılardır?

D vitaminin əsas mənbəyi günəşdir. D vitaminin 95%-i günəş işıqlarının təsirindən dəridə sintez olunur. Çox az miqdarda təbii qidaların tərkibində D vitamini vardır.Bunlar arasında D vitamini ilə zəngin olan yağlı balıqlar:qızılbalıq, sardalya, skumbriya, ton balıqlarvə yumurta sarısını xüsusilə qeyd etmək olar.

D Vitaminin çatışmazlığının səbəbləri:

Vitamin D çatışmazlığı ən çox südəmər dövrdə müşahidə olunur. D vitaminin çatışmazlığının səbəblərini sizə kiçik cədvəl kimi təqdim edirik:

  1. Azalmış D vitamini sintezi
  • Dəri piqmentasiyası
  • Günəş işıqlarının orqanizmə təsirinin qarşısını alan vasitələr (günəş kremi, paltarlar)
  • Coğrafi bölgə (fəsillər, hava çirkliliyi, nəmlik, yüksəklik)
  1. D vitaminin qəbulunun azalması
  2. Anada D vitamini çatışmazlığı olması və körpənin yalnız ana südü ilə qidalanması
  3. Malabsorbsiya xəstəlikləri (Çölyak xəstəliyi, pankreas çatışmazlığı, kistik fibroz, biliyar obstruksiya, biliyar atreziya)
  4. Bir sıra səbəblərdən D vitaminin sintezinin azalması və ya parçalanmasının sürətlənməsi (xronik qaraciyər xəstəlikləri, rifampisin, izoniazid, qıcolma əleyhinə dərmanların qəbulu)

 

D vitamini çatışmazlığının səbəbləri haqda daha aydın aşağıdakı qeyd edilmişdir:

  1. Azalmış D vitamini sintezi

Dəri piqmentasiyası

D vitaminin sintezində günəş işıqlarının vacibliyi artıq bizə məlumdur. Orqanizmdə D vitaminin sintezi melanin piqmentindən aslıdır. Beləki, eyni miqdar D vitamini sintez edə bilməsi üçün tünd rəng dərili uşaqlar açıq rəng dərililərə məxsus olan uşaqlara nisbətən daha çox günəş işığının təsirinə məruzuna qalmalıdırlar. Misal üçün açıq rəng dərili uşaqlar yayda 10-15 dəq günəş işığı altında olduqda kifayət etdiyi halda, eyni miqdar üçün qara dərili uşaqlar 5-10 dəfə çox müddət təşkil edir.

Günəş işıqlarının orqanizmə təsirinin qarşısını alan ünsürlər

Vitamin D sintezi üçün dəri rəngi ilə yanaşı günəş işıqarının təsirinə məruz qalan dəri sahəsi də vacibdir. Qanda vitamin D-nin miqdarının yüksəlməsi üçün bədən sahəsinin ən azı 20 %-i günəş işığı görməlidir. Şərq ölkələrində İslam qanunlara görə yeniyetmə qızlar arasında qapalı geyimə görə D vitamin çatışmazlığı və defisiti daha çox görülür. Həmçinin körpənin çox paltarlara sarılması və ya açıq havaya çıxarılmaması ilə əlaqədar olaraq günəşlə zəngin olan yerlərdə də raxitlik xəstəliyi müşahidə edilə bilər.

Son illərdə yeniyetmələr arasında D vitamini çatışmazlığı səbəblərindən biri də günəş kremlərinin istifadədir. Belə ki, bu kremlər günəş işıqlarının dərinin iç qatlarına keçməsinin qarşısını alır və nəticə də D vitamini sintezi pozulur.

  1. D vitaminin qəbulunun Azalması

Sosial iqtisadi vəziyyətin aşağı olması, düzgün aparılmayan pəhrizlər, bəzən yeniyetmələrin düzgün qidalanmaması da D vitamini çatışmazlığına səbəb ola bilir.

  1. Anada D vitaminin aşağı olması

Körpədə D vitaminin çatışmazlığının əsas səbəblərindən biri də anada olan D vitamin defisitidir. Anada olan D vitamini çatışmazlığı bir sıra səbəblərdən aslıdır. Bu səbəblər  arasında həm dini (örtülən qadınlarda), həm də çox vaxt səhər saatlarını evdə keçirən qadınları göstərmək olar.Belə qadınlarda hamiləlik zamanı uşaqlıqda dölün inkişaf geriliyi, yarımçıq doğulmaya meyl və aşağı çəki ilə doğulma riski də vardır.

Sual meydana çıxa bilər ki, anada D vitamini çatışmazlığı olmadığı halda körpənin D vitaminə olan tələbatı ana südü ödənilə bilərmi? Xeyr. Çünki, ana südünün 1 litrində 12- 60 İU D vitamini vardır. (günlük D vitamini tələb dozu 400İU təşkil edir)  Buna görə də,körpələr D vitamini tələbatını ödəmək üçün həm günəş işığında olmalı, eyni zamanda da D vitamini qəbul etməlidirlər. Ancaq, nəzərə almaq lazımdır ki, Amerikan Pediatriya Asossiyası (AAP) tərəfindən dəri xərçənginə meylə görə 6 aydan aşağı olan uşaqların birbaşa günəş işığının altına çıxarılmasını məsləhət görülmür. Amerikan Pediatriya Asossiyasıtərəfindən uşaqların açıq havada vaxt keçirmələri məsləhət görülsə də, birbaşa olaraq günəş işığına daha az məruz qalmaları tövsiyə olunur. 

Uşaqlara bəzi xəstəliklərin müalicəsi üçün məsləhət görülən preparatlardan Fenitoin, Fenobarbital, İzoniazid, Rifampisin çox istifadəsi D vitamin çatışmazlığına səbəb ola bilər. Ona görə də bu preparatlarla birlikdə profilaktik olaraq D vitaminin verilməsini məsləhət görürük. Kortikosteroidlər (kortizon) kalsiyumun sorulmasını və D vitamini metabolizmasını pozaraq osteoporoza gətirib çıxarır.  Piylənmə (Obezite) müalicəsində istifadə olunan orlistat və xolesterol da D vitamini çatışmazlığı görülür.

 

Qış aylarında D vitaminiçatışmazlığı niyə daha çox müşahidə edilir?     

Əsasən qış aylarında aktiv vitamin D formasının yaranma sürəti aşağı düşür. Nəticədə D vitamini çatışmazlığı baş verir. Bəzi məlumatlara görə oktyabr ayında vit D sintezi 4%-ə enir, Yanvar- mart ayları arasında isə heç vit D sintezi olmadığı qeyd edilir . Günəş işıqlarının bir müddət təsirindən sonra aktiv vitamin D formuna çevrilmişdir.

Klinika: D vitaminin çatışmazlığı hipokalsemiya ilə birgə görülməsi az rast gəlinsə də tipik raxitlik əlamətləri olur.

Raxitliyin klinik əlamətləri
Ümumi vəziyyət
İnkişaf geriliyi

Halsızlıq

Şişkin qarın

Əzələ zəifliyi

Sümüklərdə qırıqlar

Böyümə geriliyi

Boy qısalığı

Baş
Kraniotabes

Alın sümüyünün qabağa gəlməsi

Əmgəyin gec bağlanması

Gecikmiş diş çıxarma: diş çürüklərin görülməsi

Kraniosinositoz

Döş qəfəsi
Raxitik təsbeh

Harrison şırımı (qabırğanın döş sümüyünə birləşən yerində xüsusi sümük qalınlaşma )

Tənəffüs yolu infeksiyaları və atelektazları

Bel
Skolyoz

Kifoz

Lordoz

 Ətraflar
Əl və ayaq biləklərində genişlənmələr

Qalça deformasiyalar

Ayaqlarda X vari və ya O vari deformasiyalar

Külək süpürməsi forması yəni bir ayağın X vari digər ayağın O vari deformasiyası

Bud çanaq oynağının düzgün formalaşmaması

Ayaq ağrısı

Hipokalsiemik əlamətlər
Tetaniya

Qıcolmalar

Laringospazma görə olan fitəbənzər səs çıxarmalar

 

Bu uşaqlarda əzələ zəifliyi görüldüyünə görə pnevmoniyaya və motor inkişafın ləngiməsi daha çox müşahidə olunur.

D vitamini gündəlik tələbatı nə qədər olmalıdır?

Food and Nutrition Board of the Commision on Life Sciences of the National research Council ə görə uşaqlara D vitamini 400 İU/gün, 50 yaşına qədər 200 İU/gün, 51-70 yaşında 400 İU/gün , daha sonrakı yaşlarda isə 600 İU/gün məsləhət görülür.

Müalicəsi: D vitamini çatışmazlığının müalicəsi əsasən iki üsulla aparılır. 1. Aşağı dozda uzun müddət edilən müalicə: Bu zaman vitamin D dozu və müddəti müxtəlif fikirlər vardır. Bu uşağın vəziyyətindən aslı olaraq dəyişir. 2000- 5000 İU/gün yüksək doz 4-6 həftə boyunca verilir. Bu müalicədə Ca və P 6-10 gündə, PTH isə 1- 2 ay içində düzəlir. Raxitə aid olan radyolojik əlamətlərin düzəlməsi isə 3-6 ay vaxt alır.

  1. 1 aydan kiçik körpələr üçün 6 həftə müddətində 1000 İU/gün
  2. 1- 12 aylıq uşaqlar üçün 6 həftə müddətində 2000 İU/gün
  3. 1 yaşından böyük uşaqlar üçün 6 həftə müddətində 2000- 7500 İU/gün

 

  1. Stoss müalicəsidir. Bu zaman Vit D 300.000- 600.000 İU olaraq oral və ya İM 2-4 dozla gün aşırı verilir. Həmçinin, uşaqların yeteri miqdar Ca və P aldığı (xüsusilə süd, sıyıq və digər qidalarla) əmin olunmalıdır.

D vitamini həkimin verdiyi  məsləhətdən daha çox versəm nə olar?

Hər zaman nəzərə almaq lazımdır ki, böyük şəhərlərdə anaların uşaqlarına düzgün dozda D vitamini verməməsi hətta bəzən uyğun dozdan daha çox verməsi də başqa problemlərin yaranmasına səbəb olur. Uşaq xəstəxanalarında ağır D hipervitaminozu ilə diaqnozu ilə yatan uşaqlarla yanaşı, poliklinikalara olan müraciətlərdə də hiperkalsiüriya (yəni sidikdə Kalsium atılması) və urolitiazis (böyrək daşı) müşahidə edilir. Bu zaman valideynlərdən toplanan məlumatlara əsaslanaraq həmin uşaqların  körpəlik dövründə  D vitaminini uyğun dozdan daha çox qəbul edildiyi bildirilmişdir.  Bu haqda daha ətraflı məlumat növbəti məqalələrimizdə veriləcəkdir – Pediatriya.az saytımızı izləməyi davam edin.

Dr. Nərmin Əzizova

Uzman Phd Dr. Əli Quliyev

 

 

error: Müəllif hüquqlarının qorunması məqsədi ilə sağ klik deaktiv edilmişdir.
Back To Top