skip to Main Content
1 Aylıq Körpəmin Inkişafı

1 aylıq körpəmin inkişafı

Uzun müddət davam edən hamiləlikdən sonra körpənizə qovuşdunuz. Artıq körpəniz ətraf mühiti kəşf etməyə başlayır.

1-ci ayın sonunda körpə nələr edə bilər?

  • Düz bir səthə uzandırıldıqda başını qısa müddətə qaldıra bilər.
  • Səsli oyuncaqlara reaksiyalar verə bilər (ağlayaraq və ya sakit durararaq).
  • 15-30 sm məsafəsində görə bilər.
  • Fərqli səslər də çıxarda bilər.
  • Öz – özünə gülə bilər.
  • Barmağını sovurmağa çalışa bilər.
  • Sizin gülüşünüzə qarşılıq verə bilər.
  • Qarın üstə olanda başını 90 dərəcə qaldıra bilər.
  • Arxa üstdə olanda yana çevrilməyə çalışa bilər.

 

1 aylıq körpənin görmə inkişafı

İlk ayda körpələrin 15-30 sm aralığında görmə sahələri vardır. Bu da körpənin əmizdirilməsi zamanı onun sizə baxmasına və tanımasına imkan yaradacaqdır. Lakin, körpəniz daha uzaq əşyaları bulanıq görür. Bu zaman keçdikcə formalaşacaqdır. Körpənin marağını tünd (xüsusən qırmızı, qara, sarı, ağ rəng) əşyalar daha çox cəlb edir. Ona görə daha da onun marağını artırmaq üçün tünd və daha parlaq əşyaları onun görmə sahəsinə yaxın məsafəyə gətirilməsi məsləhətdir. Əşyalar körpələrin görmə sahəsinə yaxın olduqda onlar əşyaya qısa bir müddət ərzində diqqətlə baxırlar.

1 aylıq körpənin eşitmə inkişafı

Körpənizin görmə hissiyatı tam inkişaf etməmiş olsa da, eşitmə hissiyatı çox həssasdır. Xüsusilə də ananın səsinə qarşı. Hamiləlik dövründən ən çox ananın səsini eşitdiyinə görə 1 aylıq körpənin anasının səsinə qarşı reaksiya verməsi və tanıması çox normaldır. Bəzən hətta körpənizi sakitləşdirmək üçün onunla danışmalı və onu rahatlatmalısız. Bəzi vəziyyətlərdə körpənizin ətrafdakı səslərə qarşı reaksiya vermədiyini düşünə bilərsiz. Amma, bilməlisiniz ki, körpəniz yeni doğulmuş olsa da, əslində ana bətnindən o bir çox səsləri və danışıqları eşitdiyi üçün artıq bunlara uyğunlaşmışdır. Amma, kontrol olaraq yeni doğulmuş hər bir körpəyə eşitmə testinin edilməsi tövsiyə olunur.

Müayinə  zamanı

Bəzi körpələrin müayinəsi zamanı onlarda qaş və alın bölgəsi başda olmaqla başında şişkinlik, qırmızı ləkələr, akne (sızanaq), burnunda çökəklik, cinsiyyət orqanlarında və genital bölgədə şişkinlik kimi əlamətlər müşahidə edilə bilər. Lakin, nəzərə almaq lazımdır ki, cinsiyyət orqanlarında və başda olan şişkinliklər hər zaman normal hal olmaya da bilər və bu səbəbdən də bunu həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur.

1 aylıq körpəsi olan analara məsləhətlər

  • Həkiminizlə məsləhətləşib körpənizin 15-ci günündən sonra ona D vitaminin verilməsi
  • Körpənin arxası üstdə yatırılması
  • Körpənin yatağının maili vəziyyətdə olması (refluksun qarşısını almaq üçün)
  • Yastıqdan istifadə edilməməsi (boğulma riski olduğuna görə)
  • Yaz-qış körpənizin qısa müddətə olsa belə, təmiz və günəşli havaya çıxarılması
  • Körpələrə bud-çanaq oynağı ultrasəs müayinəsinin (USM) olunması (Bu müayinə əsasında bud çanaq oynağının inkişafa bağlı olan anomaliyaları və çıxıqları olub olmadığı müəyyən edilərək ağır patologiyalarının inkişafının qarşısı alınır. 6 aya qədər bud çanaq USM müayinəsinin olunması məsləhət görülür)
  • Evdə otaq temperaturunun (22-24 dərəcə) və nəmliyinin nizamlayaraq körpənin yüngül geyindirilməsi
  • Körpə olan evdə siqaretin çəkilməməsi.

1 aylıq körpə gündə neçə dəfə nəcisə çıxa bilər?

İlk aylarda körpələrin nəcisi xüsusən açıq sarı rəngli yumşaq olur.  Bəzən yaşıl selikli də ola bilər. Körpəniz gündə bir neçə dəfə, hətta həftədə bir dəfə də nəcisə çıxa bilər. Əgər nəcis yumşaqdırsa və körpənizə narahatçılıq vermirsə bu normal hal sayılır. Bəzən körpə doğuş zamanı ana bətnində udduğu mayedən dolayı nəcisi qara və ya yaşıl rəngdə də ola bilər.  Gün ərzində körpəniz 4-5 dəfə nəcisə çıxa bilər. Hətta gündə bu say 10- 12 dəfəyə qədər də ola bilər. Bu zaman körpənizin ishal olmasından şübhələnib narahat olmaq lazım deyil (çünki, ishal zamanı nəcisin əvvəlki dövrlərə nisbətən daha çox olması, nəcisdən çox pis qoxunun gəlməsi, körpənin qızdırması, nəcisdə qan və ya iltihab görülməsi əlamətləri müşahidə edilməlidir). Körpə böyüdükcə nəcisə çıxma sayı getdikcə azalacaqdır.

 

Körpəmizi qucağımıza alaq yoxsa öyrəşdirməyək?

Əslində təcrübəli analar qucağa götürməməyi hər zaman məsləhət verirlər. Düşünülür ki, körpəni qucağa alışdırmaq olmaz. Amma,hələ sizin körpəniz çox balacadır. Ona görə onun tərbiyə üsullarından daha çox sizin sevginizə və qayğınıza ehtiyacı vardır. Körpənizi qucağınıza alaraq onu sakitləşdirməyə çalışın. Ağladığı zaman ananın səsini və qoxusunu hiss edən körpə sakitləşəcəkdir.

 

 

1 aylıq körpə hansı refleksləri yerinə yetirir?

Yenidoğulan uşaqların doğuşdan olan refleksləri vardır. Onlara aid olan əmmə refleksi (yanağına əlinizi, butulkanı, soskanı və ya döş ucunu yaxınlaşdırdıqda o istiqamətdə başını çevirərək əmməyə başlayır) ana bətnindən artıq formalaşmışdır. Addımlama refleksi körpənin qoltuq altından tutub qaldırdıqda addım atar kimi edir ya da gəzirmiş kimi edir. Amma, bu refleks 4 ayından sonra körpədə itir. Tutma refleksi də yenidoğulan körpələrdə artıq formalaşır. Körpənin əlinə barmağınızı verdikdə o barmağınızdan tutur və hətta özünü yuxarıya doğru çəkməsi də ola bilər. Amma, bu refleksdə 4-cü aydan etibarən itəcəkdir.

1aylıq körpənin qidalanması və əmizdirmə tezliyi

Ana südü ilk ayda körpənin qidalanması üçün ən ideal qidadır. Ana südü körpənin ilk 6 ayı ərzində qidaya su və mineral maddələrə qarşı olan tələbatını tam ödəyə bilər. Ona görə körpənin əlavə qidaya ehtiyacı yoxdur. Əsas olaraq körpəyə ana südünü (həmçinin süni qida)  2-3 saatdan bir vermə qaydasının mövcud olmadığını bilməlisiniz.  Körpə nə zaman nə qədər istəsə yeməlidir. Bu həm ana südü həm də süni qida yeyən körpələrə aiddir. Saat qrafiki qoyulması doğru deyildir. Körpənin iştahasının artması ana südünün kifayət qədər olmayacağı demək deyildir.  Körpə əmdikcə ana südünün  miqdarı da artır. Körpənizə südünüzün kifayət qədər olduğunu başa düşmək üçün ən əsas yol körpənin çəki almasıdır.

Gün ərzində ortalama 20-30qr. artırsa demək ki, südünüz kifayət qədərdir. 1-ci ayın sonunda körpə 600-1000 qr.çəki alar.

Körpəniz əmdikdən sonra hər dəfə ağlaması doymaması mənasına gəlmir. Bəzən hətta köp və ya nəcis ifrazı da körpənin narahatçılığına səbəb ola bilər.

Körpənizi əmizdirməzdən əvvəl aşağıdakılara riayət etməyiniz məsləhət görülür:

  • Otaqda çox insan olmamasına çalışın.
  • Körpənin ilk əvvəl altını dəyişdirin. Körpənin təmiz olması onun yeməyini daha rahat qəbul etməsinə səbəb olur. Gecələr isə ehtiyac olmadıqca alt paltarını dəyişmək məsləhət görülmür.
  • Körpəyə rahat pozisya verin. Ana düzgün pozisya taparaq həm özünü əzələ və bədən ağrılardan qoruyur, həm də körpəyə düzgün pozisya verilməməsi onun əmməsini çətinləşdirir.
  • Əgər körpə ağlayırsa, onu sakitləşdirib sonra yedizdirməyə çalışın. Hətta ona musiqi oxuya ya da yelləyə bilərsiniz.
  • Körpənizlə təmas qurun. Onun yeməkdən və yatmaqdan başqa ana sevgisinə də ehtiyacı vardır.
  • Yemək arası fasilə verərək onun ağızdan havasını çıxarmasına (gəyirməsinə) imkan verin. Bunu həm ana südü yediyi və ya həm də butulka ilə yemək yediyi zaman edin. Körpəniz yeməyi vaxtından əvvəl kəsirsə yenə havasını çıxartmağa çalışın. Ola bilər ki, körpənizin kiçik mədəsini dolduran yemək yox qazdır.

 

 

1 aylıq körpənin yuxu rejimi

Körpəniz yenidoğulmuş dövrdə böyüməsi üçün yuxuya ehtiyacı vardır.  İlk aylarda hətta 15- 20 saatadək yata bilərlər. Hətta bu müddət 22 saatadək ola da bilər.  1 aylıq körpə gecə yuxudan daha tez-tez durub, gündüzləri daha sakit yata bilər. 40 həftə ana bətnində yaşamış körpənin gecə və gündüzü ayırmağı hələ tam formalaşmamışdır. Gecə-gündüzü ayırmağı formalaşdırmaq üçün gündüzləri yedizdirərkən onunla danışmalı, musiqi səslərinə qulaq asmalı amma gecə isə səssiz olmalısız. Gecələr ehtiyac olmadıqca onu narahat edibaltını belə dəyişməməlisiniz.

Körpənin daha rahat yatması üçün aşağıdakılara riayət edilməsi məsləhətdir:

  • Körpə ilk aylarda daha kiçik beşiklərdə yatızıdırılması məsləhət görülür. Bu da ona ana bətnində olduğu hissini yaradacaqdır.
  • Otaq temperaturunun çox isti və ya çox soyuq olmamasına diqqət edin.
  • Gecə yuxusuna keçməzdən əvvəl körpəni çimizdirmək və daha sonra bədənini yağla massaj etdirmək onu daha da rahatladacaqdır.
  • Ananın körpəni əmizdirməsi də rahat yuxuya keçiş kimi qiymətləndirilir
  • Körpələrin ilk aylarda ana ilə eyni otaqda, amma öz yatağında yatması məsləhət görülür.

Körpənin çimizdirilməsi

İlk ayda körpənin göbəyi düşdükdən sonra onu istədiyiniz qədər çimizdirə bilərsiniz. Göbək düşmədəndə onu çimizdirə bilərsiz sadəcə göbək yaxşı qurudulmalıdır və spirtlə təmizlənməlidir. Çimizdirmək üçün günün istənilən saatı seçilə bilər, amma yatmadan əvvəl edilən çimizdirmə körpənin daha rahat yuxuya getməsinə səbəb olur. Altını dəyişdirdikdən sonra və qidalamadan sonra edilən təmizlik onun üçün kifayətdir. Yeməkdən əvvəl və sonra çimizdirmək məsləhət görülmür. Yeməkdən sonra çimizdirmək körpənin yeməyini qaytarmasına, körpə ac olduqda isə onun çimizdirmə müddətində narahatçılıq keçirməsinə səbəb ola bilər. Körpəni çimizdirməzdən əvvəl suyun dərəcəsinə uyğun (36-38dərəcə arası) diqqət edin. Suyun istiliyini dirsəyinizlə də yoxlaya bilərsiz. Körpəni çimizdirəcəyiniz otağın temperaturu 25-26 dərəcə olması lazımdır. Suya hər hansı sabun ya da gel qatmaq məsləhət görülmür. Bu körpənizdə allergik (atopik) dermatitə səbəb ola bilər. Ona görə körpələr üçün xüsusi olan sabunlardan və gellərdən istifadə etməyiniz məsləhət görülür. Körpəni yavaş-yavaş suya qoyun və onu suya alışdırın. Kirli yerlərini körpələr üçün xüsusi olan sabunla  yuduqdan sonra dərmana sarıyıb və kiçik toxunuşlarla qurulayın.

Körpənin qazını necə çıxartmaq olar?

Bunun üçün körpələrdə qaz sancıları və infantil kolik mövzusuna daxil olmağınız xahiş olunur. http://pediatriya.az/korpelerde-qaz-sancisi-infantil-kolik-kop-nedir/

Körpənin dırnağını necə kəsmək lazımdır?

Əsas olaraq dırnaq kəsərkən körpəni stabil vəziyyətdə tutmaq lazımdır. Körpə dərin yuxudadırsa diqqətli olaraq yuxu vaxtında da kəsə bilərsiz. Hər zaman körpələr üçün olan xüsusi dırnaq qayçılarından istifadə edin.

Körpənin peyvəndlənməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin hazırladığı peyvənd cədvəlində 1-ci ayda körpələrə peyvənd etdirmək göstərilməyib. Amma, körpə doğularkən olunan məcburi peyvəndlərin olunduğuna əmin olmalısınız. Peyvəndlənmə vaxtları barədə ətraflı məlumat üçün saytımızın Vaksinasiya bölümünə daxil olmağınızı tövsiyyə edirik.

 

Dr. Nərmin Əzizova

Phd. Uzman Dr. Əli Quliyev

error: Müəllif hüquqlarının qorunması məqsədi ilə sağ klik deaktiv edilmişdir.
Back To Top